ADA Universitetində Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu keçirilib
Elm və təhsil

ADA Universitetində Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu keçirilib

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan Milli bölməsinin təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş forum keçirilib.

Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu adlanan tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müxtəlif üzv ölkələrindəki nümayəndələrinin, habelə milli bölmə olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü olan gənclərin iştirakı ilə ADA Universitetində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, forumda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə açılış nitqi ilə çıxış edib.

Sonra çıxış edən ARGTMŞ-nin Baş katibi Ramin Həbibzadə milli bölmənin bu günədək fəaliyyətindən danışıb. Ardınca Qana, Misir, Zimbabve, Malavi, Cənubi Afrika kimi ondan çox Qoşulmama Hərəkatının milli bölmələrindən olan təmsilçilər öz mədəniyyətlərini əks etdirən təqdimatlar nümayiş etdirib, ölkələrinin tarix və mədəniyyətlərinin nadir simvolları ilə iştirakçıları tanış ediblər.

Forum çərçivəsində rəsmi hissə müxtəlif xalqların milli rəqs və musiqilərinin ifa olunduğu proqramla davam edib.

Beynəlxalq Tolerantlıq Gününün beynəlxalq səviyyədə qeyd olunmasının zəruriliyini vurğulamaq məqsədi ilə tədbir hibrid formatda keçirilib.

Foruma Qoşulmama Hərəkatına üzv olan ölkələrdən 100-dən çox gənc qatılıb.

"Qoşulmama Hərəkatına üzv ölkələrdə tolerantlıq və multikulturalizm" mövzusunda keçirilən forum gənclər arasında tolerantlıq prinsiplərinin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq və mədəni müxtəlifliyi təbliğ etmək məqsədi daşıyıb. Eyni zamanda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mahiyyətini əks etdirən Qoşulmama Hərəkatına daxil olan ölkələrin gənclərinin arasında mədəni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək kimi bir sıra hədəflər də forumda əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biri olan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təsis olunması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. Bir illik fəaliyyəti dövründə Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün aparıcı beynəlxalq platformalardan birinə çevrilmə istiqamətində qətiyyətli addımlar atıblar.

AZƏRTAC