ADA Universitetində Xarici Siyasət Proqramının növbəti mərhələsi başlayıb
Elm və təhsil

ADA Universitetində Xarici Siyasət Proqramının növbəti mərhələsi başlayıb

İyunun 6-dan etibarən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramının növbəti mərhələsinə başlayıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 14 gənc, orta və yüksəkvəzifəli xarici diplomatların iştirak etdiyi Proqramda Albaniya, Burundi, Çad, Konqo, Qazaxıstan, Qabon, Macarıstan, Mərakeş, Paraqvay, Rumıniya və Şri-Lanka da daxil olmaqla 11 xarici ölkə təmsil edilir.

Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini və proqram direktorları, XİN və digər dövlət qurumlarından dəvət edilən qonaq məruzəçilər ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal və innovasiya sahəsindəki uğurları mövzusunda çıxış edəcəklər.

İştirakçılar ölkəmizin işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı vizyonu, eləcə də Xəzər hövzəsində baş verən yeniliklər barədə ətraflı məlumatlandırılacaqlar. Bununla yanaşı, diplomatlar nitq və liderlik bacarıqları mövzusunda praktiki məşğələlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Proqram çərçivəsində iştirakçılar bir sıra dövlət qurumlarını ziyarət edərək, həmin qurumların fəaliyyəti ilə yaxından tanış olacaq və Şuşaya səfər edərək işğaldan azad edilmiş ərazilərdəki vəziyyəti yerində müşahidə edəcəklər.

Proqramın hazırkı mərhələsi iyunun 18-də başa çatacaq.

AZƏRTAC