ADA Universitetinin xaricə ezam olunan diplomatlar üçün keçirdiyi silsilə seminarlar başa çatıb
Elm və təhsil

ADA Universitetinin xaricə ezam olunan diplomatlar üçün keçirdiyi silsilə seminarlar başa çatıb

ADA Universitetinin İxtisasartırma Proqramlarının təşkilatçılığı ilə fevralın 7-14-də keçirilən və xaricə ezam olunan diplomatlar üçün nəzərdə tutulan silsilə seminarlar başa çatıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, seminarlarda Azərbaycanın Amerika, Asiya və Avropadakı 26 ölkədə yerləşən nümayəndəliyində fəaliyyət göstərəcək 33 gənc, orta və yüksək rütbəli diplomat iştirak edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikası İdarəsini təmsil edən diplomatlar da Bakıya səfər edərək seminarlarda iştirak ediblər.

Seminar silsiləsinin açılış sessiyasında xarici işlər nazirinin müavini Fariz Rzayev, ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə, XİN-in Kadrlar idarəsinin rəisi Raman Məmmədov, şöbə rəisi Günay Rəhimova və ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva çıxış ediblər.

Aygün Hacıyeva qeyd edib ki, İxtisasartırma Proqramları daha əvvəl də bilavasitə xaricə ezam olunan diplomatlar üçün seminarlar təşkil edib və indiyədək bu seminarlarda 50-dən çox diplomat iştirak edib. Lakin budəfəki seminarların ADA Universiteti üçün tarixi əhəmiyyət kəsb etdiyini ifadə edən Aygün Hacıyeva əlavə edib ki, İxtisasartırma Proqramları ilk dəfədir məhz bu seminar çərçivəsində diplomatların xaricə ezamiyyətdən öncə Şuşaya səfərini təşkil edib.

İştirakçılar ADA Universitetinin idarəetmə və professor-müəllim heyəti üzvlərinin, yerli dövlət qurumlarını təmsil edən yüksəkrütbəli məmur və diplomatların, beynəlxalq münasibətlər, enerji məsələləri, o cümlədən mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən ekspertlərin xarici siyasət, regional və qlobal müstəvidəki yeniliklər və enerji siyasəti ilə bağlı mühazirələrini dinləyiblər.

ADA Universitetinin idarəetmə və professor-müəllim heyəti ictimai diplomatiyanın yeni trendləri, peşəkar ünsiyyət bacarıqları, pandemiyanın meydana çıxardığı çətinliklər, rəqəmsal diplomatiya və sosial medianın rolu mövzusunu tədris ediblər. Qarabağda mədəni irsin bərpası mövzusu da seminarın tədris proqramına daxil edilib.

Seminar çərçivəsində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin iştirakı ilə müzakirə baş tutub. Müzakirədə rektor Paşayev ABŞ-da səfir olduğu dövr ərzində əldə etdiyi peşəkar təcrübəsini diplomatlarla bölüşüb.

"Əsl diplomat öz ölkəsini və peşəsini sevən diplomatdır", - deyə bildirən səfir Hafiz Paşayev diplomatlara ezam olunduqları ölkələrin rəsmi dilini öyrənməyi və həmin ölkələrə dair biliklərini zənginləşdirməyi tövsiyə edib.

Silsilə seminar zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "Xarici siyasətdə yeni reallıqlar: XXI əsrdə diplomatiya" mövzusunda mühazirə ilə çıxış edərək diplomatlar üçün peşə bacarıqlarının və biliklərin mütəmadi olaraq inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Vilayət Quliyevin iştirakı ilə keçirilən sessiyada ölkə maraqlarımızı xaricdə qoruyacaq diplomatları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Silsilə seminarların bağlanış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara sertifikatlarını təqdim edib.

Müasir dövrdə diplomatiyanın mahiyyətinin dəyişdiyini deyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi ölkəmizin xarici siyasət prioritetləri barədə ətraflı məlumat verib. Hikmət Hacıyev bildirib ki, uğurlu və peşəkar diplomat ezam olunduğu ölkədə ictimai rəyi qazanmağı, həmin ölkənin akademik və media qurumlarının nümayəndələri ilə ünsiyyətdə olmağı və yeni geosiyasi reallıqları nəzərə alaraq diplomatik münasibətləri tənzimləməyi bacarmalıdır.

AZƏRTAC