Adı ürəklərə yazılan mətin Təbriz
Sosial həyat

Adı ürəklərə yazılan mətin Təbriz

Qarabağımızın azadlığı uğrunda gedən 44 günlük müharibədə canı, qanı bahasına  torpağını qoruyub şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlarından biri də 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində dünyaya göz açmış Təbriz Məhərrəməli oğlu Talıbovdur.

El-obaya bağlılıq, vətənpərvərlik, xalqına fayda vermək əzmi əzəldən Talıbovların həyat kredosuna çevrilib. Belə bir saf mühitdə tərbiyə alan Təbriz müstəqil ömür yoluna başlayanda içindəki torpaq yanğısı, yurd təəssübkeşliyi ötüb keçən hər gününə ilahi bir sevgi gətirir. Günlər bir-birindən mənalı keçsə də, amma erməni dığalarının Qarabağ torpaqlarına ədalətsiz təcavüzü Təbrizə çox ağır gəlir.

 Bəli, Təbriz elə həqiqi hərbi xidmətə də  düşməndən qisas almaq məqsədilə gedir. Cəbhə bölgəsində xidmətə başlayır. Odlar yurdu Azərbaycanın müdafiəsi naminə hərbi əməliyyatlarda cəsarəti ilə fərqlənir, vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirir. Və yurdunun daşını, torpağını sevməklə düşməndən qisas alınacaq günü gözləyir.

 Təbriz həqiqi xidmətdən sonra bir müddət ata-anasına kömək edir. 2015-ci ildə yenidən müddətdən artıq hərbi xidmətə gedir. Çavuş rütbəsində yurdunun hər qarışına can qoyur, igidliyi ilə əsgərlər arasında ruh yüksəkliyi yaradır, onlarda vətənə, torpağa məhəbbət hissi aşılayır. Hərbi bilik və bacarığını artırır. 2016-ci ilin Aprel döyüşlərində çoxsaylı qəhrəmanlıq nümunəsi göstərir, kiçik gizir rütbəsinə layiq görülür.

 Ötən ilin sentyabrında  Qarabağın azadlığı naminə Vətən müharibəsinə Təbriz birincilər sırasına qoşulur. Ağdamın, Cəbrayılın, Zəngilanın azad olunmasında ağır döyüşlərdən keçir. Döyüşdə düşmənə sarsıdıcı zərbələr vurur, əzəli, əbədi doğma Azərbaycan torpaqları azad olunduqca ürəyi dağa dönür, daha da irəliyə can atır. Oktyabrin 23-də döyüş meydanından qaçan namərd erməni fürsətdən istifadə edib Təbrizin Vətən məhəbbətli ürəyini nişan ala bilir. Vətən yolunda şəhid olan Təbriz xalqın qəlbində əbədi məskən salmaqla, adını hərb tarixinin salnaməsinə qızıl hərflərlə yazır.

 Təbrizin 3 yaşında Mələk, 2 yaşında Kifayət adında qız övladları böyüyür. Onlar ömür boyu ataları ilə fəxr edəcək və onun misilsiz hünərinə verilən 3-cü dərəcəli " Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Zəngilanın azad olnmasına görə" medallarına baxıb qürur duyacaqlar.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.