Adınız iftixar və qürur ünvanıdır
Region

Adınız iftixar və qürur ünvanıdır

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Ruslan Nüsrət oğlu Rüstəmovun doğum günü qeyd edildi.
Şirvan şəhərində qeydiyyatda olan, lakin doğulub boya-başa çatdığı, hazırda doğmalarının yaşadığı Hacıqabul rayonunun Şorbaçı kəndində dəfn edilən şəhid Ruslan Rüstəmovun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti və Hacıqabul Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Hacıqabul Rayon Şorbaçı kəndində şəhidin məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Ruslanın anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür etdi və Allahdan ailə üzvlərinə səbir dilədi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini dilə gətirdi. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirdi ki, dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı hər birimizdə dövlətimizə inam və iftixar hissi yaradır. Cənnət Qarabağımızda aparılan quruculuq işlərinin şəhidlərimizin əziz xatirələrinə ehtiramın bariz nümunəsi olduğunu qeyd etdi. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdıraraq qeyd etdi ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan bütün əsgər və zabitlərimiz kimi Ruslanın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırdı. Şəhid baş leytenant Ruslan Rüstəmovun 5 övladının dövlətimizə əmanət olduğunu bildirib və onların da ataları kimi vətənə layiqli, mübariz övlad kimi böyümələrini arzuladı.

Sonra tədbir iştirakçıları şəhid baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun Şorbaçı kəndində yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açdılar. Onun öz istəyi ilə hərbçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğuladılar. Çıxış edənlər bir daha göstərdilər ki, hərbçi olmaq, Vətənə, dövlətə xidmət etmək, torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi. Döyüş əməliyyatlarında fədakarlıq və şücaət göstərdiyinə görə baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu dövlət başçısı tərəfindən bir neçə medalla təltif edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  şəhər icra hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim etdi. Şəhidin anası Fatmaxanım Rüstəmova övladı ilə qürur duyduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

                                    Tofiq HÜSEYN,

                                   “Respublika”.