ADLARINI QƏHRƏMANLIQ SALNAMƏSİNƏ YAZDIRANLAR
Sosial həyat

ADLARINI QƏHRƏMANLIQ SALNAMƏSİNƏ YAZDIRANLAR

Şanlı tariximizə yazılan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları xatırlamaq mənəvi borcumuzdur. Hər bir şəhid ömrü bir tarixdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Gərayev Tural Şahin oğludur.

O, 1991-ci il aprelin 29-da Bakıda anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı böyük rəşadət göstərərək oktyabrın 1-dən 2-nə keçən gecə Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Qobustan rayonunun Bəklə kənd məzarlığında dəfn olunub. Bir oğlu vətənə yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Tural Gərayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.

Tural Gərayev yaşasaydı 31 yaşı olacaqdı. Ömrünü Vətən yolunda qurban verən Tural qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə el-obasının, doğmalarının başını uca etdi. Tural qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlıq salnaməsinə yazdırdı. Nə qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək.

Nurəngiz ADİLQIZI,

"Respublika".