ADLARINI TARİXƏ YAZDILAR
Sosial həyat

ADLARINI TARİXƏ YAZDILAR

Ramazan Vəliyev 18 iyun 1995-ci ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində dünyaya göz açıb. Altı yaşı olanda valideynləri ilə birlikdə Masallı rayonunun Şərəfə kəndinə köçüblər.

2013-cü ildə Şərəfə kənd tam orta məktəbini bitirib Bakı Dənizçilik Kollecinə qəbul olunub. Arzusu dənizçi olmaq idi. Milli Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdi. 2019-cu ilin noyabr ayından həyatını hərbi sənətə bağlayıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çavuş rütbəsində xidmət edirdi.

Vətən müharibəsində Füzuli uğrunda döyüşlərdə düşmənə qarşı mərdliklə, igidliklə döyüşüb. Noyabrın 29-da əbədi şəhidlik məqamına ucalıb. Şərəfə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb. Qəhrəmanlığı ilə adını tarixə yazıb.

Şərəfə kəndinin daha bir yetirməsi Nurlan Əbilov Milli Ordunun əsgəri olmuşdur. Vətən müharibəsində döyüş tapşırıqlarını icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Hər iki şəhid Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiklərinə, döyüşlərdə göstərdikləri igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev hər iki şəhidin məzarı üzərinə gül dəstələri düzərək xatirələrini böyük ehtiramla anıblar.

General H.Aslanov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyini, Azərbaycanın müasir hərb tarixinə yeni, parlaq səhifə yazdığını bildirib. Ramazan və Nurlan kimi igid oğulların döyüşlərdə böyük şücaət, fədakarlıq göstərdiklərini vurğulayan general onların qanı hesabına düşmən üzərində tarixi qələbənin qazanıldığını, əziz xatirələrinin heç zaman unudulmayacağını söyləyib.

Ziyarət zamanı Ramazan və Nurlanın şanlı döyüş yolu barədə söhbət açılıb, parlaq xatirələri ehtiramla yad edilib.

Şərəfə kəndində şəhid Ramazan Vəliyevin il mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları, Daxili Qoşunların əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğunu, 30 illik torpaq həsrətinə son qoyulduğunu vurğulayan icra başçısı Ramazan kimi igidlərin xalqımızın vüqarını, qürurunu, qaytardığını, bizə qələbə, zəfər sevincləri yaşatdığını diqqətə çatdırıb. Qəhrəman oğullarla hər zaman qürur duyacağıq, bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Biz onlara daim borcluyuq, - deyə icra başçısı Ş. Məmmədov bildirib.

Şəhidin atası Hilal Vəliyev onlara göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Mərasimdə müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidin ruhuna dualar səslənib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".