Ağ ölüm”ə “yox” deyək...
Region

Ağ ölüm”ə “yox” deyək...

Rayonun Gənclər evində Kürdəmir Rayon İcra Hakimiyyətinin və  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin müdiri Şahin Əhmədov açaraq bildirdi ki, “ağ ölüm”lə nəticələnən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. O, həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı. Şahin Əhmədov problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirməkdən ibarət olduğunu vurğulayaraq rayonda görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verdi.
Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşı Raqif Allahverdiyev gündəlikdə duran məsələ ətrafında çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırdılar.  Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirildi. Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verildi.

                                   Tofiq HÜSEYN,

                                  “Respublika”.