“Ağ qızıl” istehsalçılarına daha bir qayğı nümunəsi
İQTİSADİYYAT

“Ağ qızıl” istehsalçılarına daha bir qayğı nümunəsi

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.

“Ağ qızıl” istehsalçıları pambığın alış qiymətinin artırılmasını bu çətin peşədə çalışanlara əsl qayğı nümunəsi hesab edirlər.

Saatlı rayonundakı “Agro-AZ” MMC-nin pambıq emalı zavodunun direktoru Yaşar Hüseynov deyir:

-Cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərmişdir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin artırılması bu qayğının daha bir parlaq nümunəsdir. İndi məhsulun əkilib becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər olmasa da suvarma sarıdan problemlər yaranıb. Bu, dünyada baş verən qlobal istiləşmənin nəticəsidir. Suyun, o cümlədən suvarma suyunun normal ötürülməsi bir qədər baha başa gəlməklə, çətinliklər yaradır. Pambığın alış qiymətinin artırılması bu sahədə balans yaradacaqdır.

Kürdəmir rayonundan olan pambıqçı mütəxəssis Ağalar Hacıyev də pambığın alış qiymətinin artırılmasını alqışlayır:

-İstehsal müddətində bir sıra artan xərclər narahatlıq yaradırdı. Dövlət başçımızın qayğısı sayəsində bu narahatlıq aradan qaldırıldı. Şübhə yoxdur ki, yaxın gələcəkdə istehsalın həcmi artacaq, məhsuldarlıq yüksələcək.

Tofiq HÜSEYN,

“Respublika”.