“AĞ QIZIL” TARLALARINDANBOL MƏHSUL GÖZLƏNİLİR
İQTİSADİYYAT

“AĞ QIZIL” TARLALARINDANBOL MƏHSUL GÖZLƏNİLİR

Zəngin tarixi salnamələr fəth edərək, uzun illər pambığın əkilib-becərilməsində böyük təcrübə toplanmış və nəticədə gözəl ənənələr yaratmış Azərbaycan dünyanın qabaqcıl pambıqçılıq ölkələrindən biri kimi də tanınır.

Ən sürətli artımı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məhz onun uğurlu və səmərəli iqtisadi siyasəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. XX əsrin II yarısında ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə pambıqçılıq-strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmişdir. Sovet dövründə respublikalar arasında öndə getmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılaraq, dəfələrlə sovetlər dövrünün ali mükafatına - "Keçici Qırmızı Bayrağa" layiq görülmüşdür.

Yevlax da zəngin ənənəsi olan pambıqçılıq rayonlarındandır. Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bu il Yevlax rayonunda "MKT-İK" MMC və "P-Aqro" MMC ilə müqavilə bağlanılmaqla pambıq becərilib. Əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin edilib.

Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib. Artıq, Yevlax rayonunda pambıq yığımına start verilib. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev və aidiyyəti təşkilatların rəhbərləri pambıq sahələrində olub, fermerlərlə söhbətlər aparıb. Aidiyyəti şəxslərə pambıq yığımında şəhər icra hakimiyyətinin bu işə xüsusi nəzarətinin gücləndirilməsi, sahələrdə defolyasiya işləri aparıldıqdan sonra pambıqyığan kombaynlarla məhsul yığımına başlanılacağı tarixlərə diqqət verilməsi tapşırılıb.

Zabit XƏLİLOV,

"Respublika".