Ağacların qanunsuz kəsilməsi ilə bağlı beş cinayət işi başlanıb
Digər xəbərlər

Ağacların qanunsuz kəsilməsi ilə bağlı beş cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkəran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə, eləcə də meşə fonduna aid olan ağacların kəsilməsi faktları müəyyən olunub. Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlənkar yanaşması nəticəsində yol verilməsi müəyyən olunub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılıb və istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

AZƏRTAC