Ağalı kənd sakinləri biznes təlimlərinə cəlb olunub
İQTİSADİYYAT

Ağalı kənd sakinləri biznes təlimlərinə cəlb olunub

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində mikrobizneslərin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. İlkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq. Proqrama cəlb olunan şəxslər təlimləri və qiymətləndirmə mərhələsini uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyət sahələrinə uyğun olaraq müvafiq avadanlıqlarla təmin olunacaqlar.

Noyabrın 1-dən başlanan biznes təlimləri ayın sonunadək davam edəcək.

"Respublika".