Ağalı sakini:  Doğma yurda dönəcəyimə inamımı heç vaxt itirməmişdim
Region

Ağalı sakini:  Doğma yurda dönəcəyimə inamımı heç vaxt itirməmişdim

1993-cü ildə buradan məcburi köçkün düşdük. Çoxları kimi, bizim də ailə evimizdən heç nə çıxara bilməmiş, təkcə canımızı götürüb qaçmışdıq.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə qayıdan Namiq Orucov deyib.

Arazı keçərək İrandan Bakıya getdiklərini, paytaxtdakı "Günəşli" sanatoriyasında birotaqlı mənzildə yerləşdirildiklərini bildirən Namiq Orucov onun və onun kimi minlərlə insanın həsrətinə son qoyduqları üçün Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyib. "Otuz il idi ki, torpaqlarımızın həsrətini çəkirdik. Ərazilərimizin işğaldan azad ediləcəyinə, doğma yurda dönəcəyimə inamımı heç vaxt itirməmişdim. Əmin idim ki, ildən-ilə güclənən Ordumuz Ali Baş Komandanın əmri ilə gec-tez torpaqlarımızı azad edəcək", - deyə o vurğulayıb.

Artıq həsrətin sona çatdığını, ailə üzvləri ilə birlikdə Ağalıya qayıtdığını deyən Namiq bütün şəraiti olan dördotaqlı evlə təmin edildiyini bildirib. O deyib: "Əlbəttə, uşaqlarım buraları görməmişdi. Lakin mən hər zaman onlara rayonumuzun və kəndimizin gözəlliyi barədə danışırdım, onlarda doğma yurdun təsəvvürün yaratmışdım. Buradan gedəndə 9-cu sinifdə oxuyurdum. Bu gün kəndə qayıdan oğlum da kəndimizdə tikilən müasir məktəbdə elə doqquzuncu sinifdə oxuyacaq".

Məşğulluq probleminin Azərbaycan dövləti tərəfindən hazırlanan Dövlət Proqramına uyğun həll ediləcəyini bildirən Namiq Orucov gələcəklə bağlı əmin olduğunu bildirərək deyib: "İnşallah, yaxın zamanlarda buradan Naxçıvana yol açılacaq və əminik ki, Şərqi Zəngəzura gedən yol bütün region kimi, rayonumuzun da iqtisadiyyatının inkişafında rol oynayacaq".

AZƏRTAC