Ağalı sakinləri:
Region

Ağalı sakinləri:

Sentyabrın 7-si mənim üçün artıq ən sevincli günlərdən biridir

Mən Ağalıdan çıxanda 13 yaşım var idi. Soyuqlu, boranlı günlərdə məcbur qalıb çıxmışıq. İndi, şükürlər olsun ki, yurdumuza qayıtmışıq. Artıq 42 yaşım var.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə köçən Oruc Məhərrəmov söyləyib.

O bildirib ki, bundan sonra Ağalıda yaşayacaq, övladlarını burada böyüdəcək. "Sentyabrın 7-si mənim üçün artıq ən sevincli günlərdən biridir. Öz torpağımıza, doğulduğum yerə qayıtmışıq. Sağ olsun Prezidentimiz, bizim üçün Ağalıda gözəl şərait yaradıb, sevincimizin həddi-hüdudu yoxdur. Şəxsən mən dörd otaqlı evlə təmin olunmuşam", - deyə O.Məhərrəmov sevincini bölüşüb.


Köçkünlük həyatımıza son qoyulmasının yaşatdığı hissi sözlə ifadə etmək mümkün deyil

Şanlı ordumuz Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından 44 gündə azad etdi. Doğma torpağımıza qayıtdığımız, burada yaşadığımız üçün çox xoşbəxtəm. Şükürlər olsun bu günümüzə!

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Böyük Qayıdış prosesi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçən və burada tikiş müəssisəsində işləyən Ziyafət Həsənova deyib.

"Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, hərbçilərimizə isə cansağlığı diləyirəm. Bizə bu sevinci onlar yaşadıblar. Biz artıq 1 ay 10 gündür ki, burada yaşayırıq, işləyirik. Həkimlər üçün lazımlı ləvazimatlar, əməliyyat üçün geyimlər, maskalar və s. tikirik. Burada olduğum üçün və belə bir işdə çalışdığım üçün qürur duyuram. Hazırda 10 nəfərik, ancaq köçümüz gəlməkdə davam edir, işçilərimizin sayı da artacaq. Köçkünlük həyatımıza son qoyulmasının yaşatdığı hissi sözlə ifadə etmək mümkün deyil", - deyə Ağalı sakini bildirib.


Prezidentimiz sağ olsun ki, bizim üçün belə gözəl şərait yaradıb

Bizim pis günlərimiz çox olub. 30 ilə yaxın məcburi köçkün həyatı yaşamışıq. Bu gün isə sevincimizin həddi-hüdudu yoxdur. Doğma kəndimizə qayıtmışıq, dövlət bizi evlə təmin edib. İkimərtəbəli, 5 otaqlı evimizdə hər bir şərait var.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə köçən Fazil Səlimov söyləyib.

"Yeddi nəfər ailə üzvüm ilə gəlmişəm. Uşaqlarım, nəvələrim həmişə Zəngilanı soruşurdular. İndi isə onlar bu gözəl diyarı öz gözləri ilə görürlər. Çox şükür bu günümüzə... Prezidentimiz sağ olsun ki, bizim üçün belə gözəl şərait yaradıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin", - deyə Ağalı sakini sevincini ifadə edib.


Kəndimizə köçmək məni həm sevindirir, həm də qürurlandırır

Bu gün mən atamın yaşadığı Zəngilan rayonunun Ağalı kəndinə köçürəm. Ata yurdumuza getdiyim üçün çox xoşbəxtəm. Həmin yerləri görməsəm də, dərslərdə bizə Qarabağ haqqında məlumatlar verilirdi. Lakin mən özüm də Qarabağ haqqında araşdırmalar etmişəm, oranın necə olması ilə maraqlanmışam.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağalıya köçən 16 yaşlı Aytən Orucova bildirib.

Aytən Orucova söyləyib: "Mən hər zaman işğaldan azad edilən ərazilərdə olmaq istəmişəm. Bu gün isə arzularım reallaşdı. Ağalıya köçmək məni həm sevindirir, həm də qürurlandırır".

A.Orucova Ağalı kəndinə böyük maraq və sevinc hissi ilə getdiyini əlavə edib.


Ağalıdakı yaşayışımızdan çox razıyıq

Biz Ağalıya iyunun 25-də gəlmişik, 26-dan işə başlamışam. Burada yaşayan sakinlərin, işçilərin sağlamlığının keşiyində dayanırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə

 açıqlamasında Ağalı Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova deyib.

"Buradakı yaşayışımızdan çox razıyıq. Doğma yurdumuza qayıtmağımız üçün canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və ordumuz daim var olsun. Biz onların sayəsində doğma yurdumuza, el-obamıza qayıdıb, əhalimizin sağlamlığının keşiyində dayanırıq. Hazırda işçilərimizin sayı 9 nəfərdir. Əlavə olaraq, təcili tibbi yardım da fəaliyyət göstərir", - deyə o bildirib.


Əl-ələ verib, birlikdə çalışıb gözəl torpaqlarımızı yaşıllaşdırırıq

Sentyabrın 19-da burada olmağımızın iki ayı tamam olacaq. Buraya qayıdan 41 ailədən biriyik. Bu gün də 10 ailə gəlib, hər biri qardaş-bacılarımızdır. Ağalıda olmaq çox gözəldir, özümü yenidən anadan olmuş kimi hiss edirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini, yaşıllaşdırma xidmətinin əməkdaşı Qədir Məmmədov deyib.

"Burada yaşaya bilməyimizin səbəbkarı olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Bizi 30 il həsrətində olduğumuz torpaqlara qovuşdurduğu üçün Ali Baş Komandanımız İlham Əliyevə də dərin minnətdarlığımızı bildiririk. Mən buradan çıxanda 27 yaşım var idi, indi isə 57-dir. Kəndimizdə yaşıllaşdırma işləri ilə məşğul oluram. Əl-ələ verib, birlikdə çalışıb gözəl torpaqlarımızı yaşıllaşdırırıq", - deyə Q.Məmmədov vurğulayıb.

AZƏRTAC