Ağalının ağ günləri yenidən qayıdır
Sosial həyat

Ağalının ağ günləri yenidən qayıdır

Bir zamanlar səfalı, təbii sərvətlərlə zəngin rayonlarımızdan biri olan Zəngilan məlum erməni işğalı dövründə ən çox vandalizmə, vəhşiliyə məruz qalmış, tamamilə dağıdılıb, viran qoyulmuşdur. 20 oktyabr 2020-ci ildə azadlığına qovuşan rayon bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada həyat yenidən canlanıb, öz axarına düşməkdədir. Qarabağın ağ günləri Ağalı kəndi ilə başladı desək, yəqin ki, yanılmarıq. Ərazidə ilk olaraq kənd əhalisi üçün 200 ev tikilmiş, daha 150 evin tikilməsi planlaşdırılır.

Beləcə, Ağalıya ilk müjdə, ilk sevinc - Böyük Qayıdış karvanı yol aldı. Mərhələli şəkildə keçirilən köçürülmə prosesində - iyulun 25-də Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən 10 ailənin 58 üzvü öz daimi yurd-yuvalarına köçürüldü. Dörd mərhələdə həyata keçirilən prosesdə daha 25 ailə - 125 nəfər, sentyabr ayının 9-da isə son mərhələdə 13 ailə köçürüldü. Bir zamanlar erməni zülmündən göz yaşları içində köçən ailələr artıq sevinc, fərəh və qürur hissi ilə geriyə, doğma kəndlərinə qayıtdılar. 41 ailə, 201 nəfər olan kənd əhalisi hər cür şəraitlə təmin olunaraq yaşayış üçün bütün infrastrukturla əhatə olunmuşlar. Əlbəttə ki, bütün bunlar dövlətin, onun başçısı Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılır. Quruculuq işləri başladığı ilk günlərdən Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva dəfələrlə rayona səfərlər etmiş və görülən işlərlə yerində tanış olmuşlar.

Tarixin əlamətdar səhifəsinə yazılan hadisələrdən biri də Ağalı məktəbində 30 ildən sonra çalınan ilk zəngdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 360 yerlik Ağalı məktəbində bu gün 70 uşaq təhsil alır.

Oktyabr ayının 19-da ölkəmizin başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri baş tutdu. Aparılan quruculuq işləri ilə tanış oldular. Eyni zamanda, Ağalı kənd məktəbinə səfər edən Prezident və xanımı səmimi söhbətləri ilə məktəblilərdə xoş təəssürat yaratdılar. Məktəblilərlə söhbət edən Prezident İlham Əliyev onların necə oxumaqları ilə maraqlanaraq öz tövsiyələrini verdi: "Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər". Bu, bir qüdrətli ölkənin başçısının, sərkərdəsinin gənc nəslə həm tövsiyəsi, həm də açdığı uğurlu yoldur.

Ölkəmizdə dövlət-uşaq siyasətinin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu gün isə bu iş Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Uşaqları xüsusi məhəbbətlə sevən Mehriban xanım hər zaman onların yanında olmaqla qayğı və diqqətini əsirgəmir. Bu, onun iştirak etdiyi bütün görüş və tədbirlərdə aydın şəkildə görünür. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun əksər layihələri də məhz uşaqlarla bağlıdır. Mehriban xanımın bir amalı var: bütün uşaqlar qayğısız, sağlam, savadlı və valideyn himayəsində böyüsünlər. Biz bunun Ağalı məktəbində bir daha şahidi olduq. Yeniyetmə qızları əhatəsinə yığan Mehriban xanım onlarla maraqlı söhbət də etmişdir: "Dərslərdən sonra nə edirsiniz? Darıxmırsız burada? Gözəl qızlar"... Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi. Çalışacağam tez-tez gəlim sizin yanınıza".

 Bu görüş məktəblilərin yaddaşında həkk olunan ən gözəl hadisələrdən biri olacaq. Onların cəmiyyətdəki roluna və yaşayış tərzinə öz təsirini göstərəcək. Bu qızlar gələcəyin müəllimi, həkimi, mühəndisi, bir sözlə, savadlı mütəxəssisi olacaqlar. Onlar azad Qarabağın Ağalı kənd məktəbinin qonağı olan birinci xanım Mehriban Əliyeva ilə olan görüşlərini heç vaxt unutmayacaqlar. Qızlarla söhbətində Mehriban xanım onların bir müddət əvvəl təhsil aldıqları Sumqayıt məktəbindəki sinif yoldaşları ilə əlaqələrinin olması ilə də maraqlanıb. "Onları da dəvət edin gəlsinlər, qonaq olsunlar". Qonaqpərvərlik, qonaqsevərlik yalnız Azərbaycan xanımına xas xüsusiyyətdir. Mehriban xanım gələcəyi, gələcək həyatın qoruyucuları, qurucuları olan uşaqları çox sevir.

Bəli, Qarabağ artıq öz həyatının qonaqlı-qaralı, çal-çağırlı dövrünü yaşayır. Dostları, dost ölkə nümayəndələrini qarşılayıb, qəbul edir. Oktyabr ayının 20-də açılışı olan Zəngilan Beynəlxalq Hava Limanına ilk uçuş edən qardaş, dost ölkə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Dost gəlişi bayram olar, deyiblər. Sevincimizə sevinən qardaş ölkə nümayəndələri bu ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə tanış oldular. Ərazinin gözəlliyini hələ hava limanında seyr edən Rəcəb Tayyib Ərdoğan öz hisslərini qürurla bildirdi. Sonda Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin Prezidenti Cəbrayıl şəhərində mətbuata birgə bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyev öz çıxışında Ağalıya səfəri zamanı olan təəssüratlarından da danışmışdır: - "Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, onların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıtdılar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq".

Bəli, artıq biz qayıtmışıq. Zəfər əldə edən ölkənin qalib övladları kimi. Mərdlik, igidlik qanında, əməlində olan millət kimi, xalq kimi. Xoşbəxtlik qayğıları ilə yaşayan Ağalı sakinlərinin bu hissləri bütün Qarabağ, Azərbaycan boyu yayılıb. Gün gələcək, Ağalıda böyüyən uşaqlar öz övladlarına bu günün sevincindən, fərəhindən danışacaqlar. Bu gün dövlət başçısından, birinci xanımdan xoş, səmimi münasibət görən yeniyetmələr əlbəttə ki, gələcək həyatlarını bu təəssüratlar əsasında quracaqlar.

Ramidə YAQUBQIZI,

"Respublika.