Ağcabədi: çəkilən zəhmətin bəhrəsi
Region

Ağcabədi: çəkilən zəhmətin bəhrəsi

Regional inkişafa dair Dövlət Proqramı bölgələrin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə, yeni iş yerlərinin açılmasına, insanların həyat şəraitinin yaxşılaşmasına, əkin sahələrinin artırılmasına, su mənbələrinin yaradılmasına  yeni bir stimul yaradıb. Bu Ağcabədi rayonunda daha çox müşahidə olunur.

Rayonun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında uğurlu nəticələr əldə edilir. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya verilməsi kənd təsərrüfatının inkişafına stimul verir.

Rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatlarında pambıq yığımına başlanılıb. Mütəxəssislərin qənaətinə görə, bu il sahələrdən bol məhsul gözlənilir. MKT-İK MMC, “Azərpambıq” MMC tərəfindən bol məhsulun vaxtında və itkisiz toplanması üçün lazım olan zəruri addımlar atılıb. Tarlalarda pambıq əsasən maşınların gücü ilə yığılacaq və buna görə də bütün pambıqyığan maşınlar, traktor və digər texniki vasitələr saz vəziyyətə gətirilərək səfərbər olunub. Bu da öz növbəsində vaxt itkisinin və israfın qarşısının alınmasına imkan verəcək.

Artıq on gündən çoxdur ki, rayonun təsərrüfatlarında pambıq yığımı davam etdirilir. Yığıma ilk öncə Boyad, Hacıbədəlli, Kəhrizli və Kürdlər kəndlərindəki fermer təsərrüfatları başlayıb. Mövsümün başlanması ilə əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təsərrüfatlara baş çəkib, pambıq yığımının gedişi ilə maraqlanıb. Sahələrdə pambığın vəziyyətindən və yığımın təşkilindən razı qalan rayon rəhbəri fermerlərə, mexanizatorlara və mütəxəssislərə lazımi tövsiyələrini və məsləhətlərini verib.

 Rayonun digər inzibati ərazi vahidlərində olduğu kimi, Köyük və Hacılar kəndlərində də pambıq yığımı başlayıb. Kənd ərazisində 64 nəfər torpaq mülkiyyətçisinə məxsus olan 115 hektar əkin sahəsinə pambıq əkilib. Sahələrdə dərmanlama işləri yekunlaşıb. Havaların əlverişli keçməsi pambıqçıların ürəyindən xəbər verir. Pambıq yığımı sürətlə aparılır. Hacılar kəndində 91 hektarda  pambıq becərilib. Bol məhsulun maşınlarla yığılıb vaxtında və itkisiz təhvil verilməsi üçün pambıqçılar var qüvvə ilə çalışırlar.

Rayonun fermer təsərrüfatlarında heyvandarlığı inkişaf etdirmək üçün yaşıl yem təminatı məqsədilə əkilmiş xəsil və təkrar qarğıdalı sahələrinin suvarılması davam etdirilir. Hüsülü, Cəfərbəyli, Qaravəlli və Salmanbəyli kəndlərində fəaliyyət göstərən təsərrüfatlarda xəsil üçün arpa əkini sahələrində suvarma daha yaxşı təşkil olunub. Qeyd edək ki, bu il rayon üzrə 1666 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Bu əkin sahələri mal-qaranın qış dövründə yaşıl yem kütləsi və silos təminatı üçün nəzərdə tutulub. Rayon mərkəzində, Hindarx qəsəbəsi, Kəhrizli, Şahsevən, Muğanlı kəndlərindəki fermer təsərrüfatlarında daha çox qarğıdalı əkilib və becərmə işləri davam etdirilir.

     Salman ALIOĞLU,

       “Respublika”.