Ağcabədi: pambıq yığımı başlanır
İQTİSADİYYAT

Ağcabədi: pambıq yığımı başlanır

Davamlı xarakter alan regionların sosial-iqtisadi inkişafı dövlət siyasətində mühüm yerlərdən birini tutur və bu strategiya uğurla davam etdirilir, iqtisadiyyatın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin iqtisadiyyatında aqrar sahənin xüsusi yeri var və respublikada ən çox pambıq istehsal edən rayonlar sırasındadır.

Qeyd edək ki, pambıqçılıq ölkəmizdə zəngin ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq işləri başa çatır.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2022-ci ildə rayonda 11 min 838,58 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

Pambıq yığımına 51 kombayn, 153 traktor, 302 qoşqu, 8 yükləyici, 45 çiləyici cəlb ediləcək. Yaxın günlərdə defolyasiya işlərinə başlanılacaq. Mütəxəssislərin qənaətinə görə, bu mövsümdə rayon üzrə 40 min tona yaxın pambıq istehsalı gözlənilir. Qeyd edək ki, 2021-ci ildə də Ağcabədi rayonunda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq hər hektardan 30,47 sentner olub.

Respublikamızda sahibkarlığın inkişafına güclü dəstək verilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir mühüm addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində "ağ qızıl"ın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, xam pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 750 manatdan 800 manata, 2-ci növün qiyməti 730 manatdan 780 manata, 3-cü növün qiyməti 690 manatdan 740 manata, 4-cü növün qiyməti isə 650 manatdan 700 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə əlavə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.

Salman ALIOĞLU,

"Respublika".