Ağcabədi: Peyvəndləmə davam edir
Region

Ağcabədi: Peyvəndləmə davam edir

Yeni növ koronavirus (COVID-19) insanların həyatına ciddi təhlükə yaradır və yer üzündə virusun yeni ştammları geniş yayılır. Hər gün dünyada yüz minlərlə insan bu virusdan vəfat edir. Ölkəmizdə koronavirusa qarşı peyvəndləmə işləri yüksək keyfiyyətlə aparılır, maarifləndirmə və təbliğat öz səmərəli nəticəsini verir. Son günlər operativ qərargahın məlumatlarına nəzər salanda görürük ki, əhali arasında ölüm halları artıb. Əlbəttə, qadağaların yumşaldılması, toy şənliklərinin başlaması və digər amillər əhali arasında virusa yoluxmanı artırıb.

Məhz buna görə Ağcabədi rayonunda karantin qaydalarına nəzarət daha da gücləndirilib. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına və sosial təcridin gücləndirilməsinə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi maarifləndirmə, xəbərdarlıq işinin aparılması üçün rayon icra hakimiyyəti başçısı aparatı, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr və könüllü fəallardan ibarət mobil qruplar  yaradılıb.

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə işləri davam etdirilir, əhalinin sıx olduğu məkanlarda, bütün ictimai iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir. Reyd zamanı ərazidə fəaliyyət göstərən ictimai iaşə və ticarət obyekti sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə müvafiq göstərişlər verilir, xüsusi karantin rejimi ilə bağlı təbliğat işləri aparılır. Sakinlərlə söhbət zamanı ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərti ilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi bir daha geniş izah olunur.

Mərkəzi rayon xəstəxanasından aldığımız məlumatda bildirilir ki, rayonda peyvəndlənmə prosesi davam etdirilir. İndiyə kimi rayon sakinlərindən
ümumilikdə 101 min 81 nəfərə COVID-19 infeksiyasına qarşı vaksin vurulub.

Vaksin olunanlardan 59 min 533 nəfəri I doza, 41 min 548 nəfəri isə II doza vaksinasiyadan keçib. Peyvənd olunanlardan 9366 nəfəri 65 yaşdan yuxarı, 30 min 516 nəfəri 50-64 yaş arası, 18 min 241 nəfəri 40-49 yaş arası, 22 min 381 nəfəri 30-39 yaş arası, 20 min 577 nəfəri isə 30 yaşdan aşağı olan şəxslərdir. Hazırda Ağcabədi rayonu üzrə əhalinin peyvəndlənməsi davam etdirilir.

Haqlı olaraq deyilib ki, hər kəsin sağlamlığı öz əlindədir. Planetimizi təhlükə qarşısında qoyan virusa qalib gəlmək üçün biz birlikdə güclü olmalı, vaksinasiya prosesində fəal iştirak etməliyik.

                                                Salman ALIOĞLU,

                                                   “Respublika”.