Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fövzi Tahirovun həmin vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illərdə xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin həmin xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC