Ağcabədidə yeni pambıqtəmizləmə zavodu
Region

Ağcabədidə yeni pambıqtəmizləmə zavodu

Ağcabədi rayonu vaxtilə ölkədə ən böyük pambıq istehsalçılarından biri kimi tanınıb, bu Aran torpağında pambıqçılıqda yaxşı ənənə yaranıb, nəsildən-nəslə ötürülüb.

Pambıqçılığa maraq indi ilbəil artır, "ağ qızıl"ın ölkəmizin iqtisadiyyatı üçün çox böyük faydası olduğu üçün sahənin inkişafına diqqət artırılıb. Hər şeydən əvvəl, əhali arasında məşğulluq yaranır, satılan mahlıcdan respublikamıza valyuta daxil olur, həm də yerli istehsala təkan verilir. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırırlar. Bir daha qeyd edək ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir.

Son illər rayonda kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən il Ağcabədi pambıqçıları 11 min hektardan çox sahədə pambıq əkini aparıb və 33 min 409 ton məhsul əldə ediblər. Hər hektardan məhsuldarlıq 30,04 sentnerə çatdırılıb. Əvvəldən, yəni Sovetlər dönəmindən rayonda pambıq emalı zavodu fəaliyyət göstərir. İkinci bir zavodun tikintisi isə başa çatmaq üzrədir.

Qardaş Türkiyənin Kahramanmaraş şəhərində yerləşən "Do Cotton Group" şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır. Ağcabədi rayonunda tikilən zavodda yeni texnologiya ilə avadanlıqlar quraşdırılır və onlar bir sıra keyfiyyət göstəricilərinə malikdir. Yeni mövsümdə zavod məhsul qəbuluna başlayacaq.

Salman ALIOĞLU,

"Respublika".