AĞDABAN tariximizin qanlı səhifəsi
Tarix

AĞDABAN tariximizin qanlı səhifəsi

Kəlbəcər sülh yolu ilə azad olunmalıdır. Əgər bu mümkün olmasa bütün imkanlarımızdan, gücümüzdən istifadə edib Kəlbəcəri azad edəcəyik, işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Biz qoymayacayıq ki, torpaqlarımızın bir qarışı da qəsbkarların əlində qalsın.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Kəlbəcəri təbiətin muzeyi adlandıranlar heç səhv etməmişlər. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Kəlbəcər kimi zəngin olsun.

XX əsrin sonlarında erməni vandalları Kəlbəcəri ələ keçirmək üçün xəyanət toru hazırlayır, daşnaklar Moskvadakı xaricdəki ermənipərəst qüvvələrin dəstəyinə arxalanırdı.

Onsuz da 1988-ci ildə soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasından, habelə Xocalı faciəsindən sonra ermənilərin Kəlbəcərə hücumu gözlənilirdi. 1992-ci ilin yazında Kəlbəcər istiqamətində ermənilərin təxribatı artır, hadisələr faciəvi xarakter alır, alınan bəd xəbərlər əhalidə ciddi narahatlıq yaradırdı. Bakıda hakimiyyət uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatmışdı. A.Mütəllibovu yenidən hakimiyyətə gətirmək istəyən qüvvələrlə hakimiyyətə yiyələnmək uğrunda mübarizə aparan AXC arasında ziddiyyətlər kəskinləşmişdi. Azərbaycanda yaranmış ictimai-siyasi böhrandan məharətlə istifadə edən ermənilər Kəlbəcərdəki ərazilərimizdə at oynadır, kəndləri yandırır, var-dövləti qarət edərək daşıyırdılar.

1992-ci il aprelin 7-dən 8- keçən gecə Kəlbəcər odlara qalandı, dəhşətli faciə baş verdi. Ermənilər qaranlıq bir gecədə hücum edərək Dədə Şəmşirin yurdunu - Kəlbəcərin Ağdaban kəndini mühasirəyə aldılar. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın, qarla örtülü meşələrə, uçurumlu dağlara dağılışdılar. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhali müdafiəsiz qalmışdı. Mərkəzdən isə kömək yox idi. Yaşlı, körpə uşaqlar ayaqyalın ah-nalə çəkib ulu Tanrıdan kömək diləyirdilər. Dümağ qar qana boyanmışdı. Bu qanlı faciə zamanı 33 nəfər dinc əhali, qoca, uşaq işgəncə ilə həlak oldu, iki nəfər ağdabanlı evdə diri-diri yandırıldı. Yeddi nəfər girov aparıldı. Kənd bütünlüklə demək olar ki, odlara qalandı. Səhər tezdən köməyə gələn yerli batalyonun 6 döyüşçüsü həlak oldu.

Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladıqları böyük müharibənin başlanğıcı idi. Kəndin erməni daşnaklarının əlində qalması görünməz fəlakətlərə gətirib çıxardı. Ağdabanın geri alınmasına operativ tədbirlər görülsə heç bir nəticə vermədi.

Ağdaban faciəsi nəhayət, respublika rəhbərlərini silkələdi. Bakı dərk etdi ki, etibarlı müdafiə təşkil olunmasa, Kəlbəcər ermənilər tərəfindən işğal oluna bilər, bu isə Ermənistanla Qarabağın birləşməsi demək idi.

Ağdabanın düşmən əlinə keçməsi ilə kəlbəcərlilərin qara günləri başlandı. Rayon rəhbərliyi baş verən prosesləri, Ağdabanın ətrafında toxunan xəyanət torunu görə bilmədi. Postlarda intizamsızlıqlar baş alıb gedəndə, texnika Kəlbəcərdən çıxarılanda Murov yolu da diqqətdən kənarda qalmışdı. Bakıda hakimiyyət uğrundakı çəkişmələr Kəlbəcərin müdafiəsinə ağır zərbə vurdu.

Qeyd etmək lazımdır ki, Ağdaban kəndinin qadınları böyük cəsarət göstərərək doğma yurdun müdafiəsində on bir nəfər erməni quldurunu tərk-silah etmişdilər. Təəssüflər olsun ki, həmin ermənilər o vaxt Qarabağda yaradılmış komitənin üzvləri tərəfindən hiylə qurularaq vertolyotla aradan çıxarılmışdı. Bu xəyanət həmişə olub bu gün davam edir.

Ağdaban faciəsi ikinci Xocalıya çevrildi. Dədə Şəmşirin əlyazmaları erməni vandalları tərəfindən yandırıldı.

1996- il aprel ayının 1- Kəlbəcərin işğalının 3- ildönümündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edərək vurğuladı ki, Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük hərbi zərbələr vurdu. İşğal olunmuş rayonlardan biri Kəlbəcər oldu. Kəlbəcər Azərbaycan Respublikasının gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Güman edirəm ki, gün gələcək Kəlbəcərin işğalına son qoyulacaqdır.

2020-ci ildə qüdrətli, qəhrəman Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Vətən müharibəsində cəmi 44 gün ərzində erməni işğalına son qoyuldu. 30 ilə yaxın erməni quldurlarının gəzib-dolaşdığı Kəlbəcərdən düşmən qüvvələri çıxarıldı, işğala son qoyuldu. Möcüzələr diyarında üçrəngli Azərbaycan bayrağı dalğalandı.

Ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə geniş quruculuq yenidənqurma işləri aparılır, hər şey müasirləşir. Gün gələcək ki, kəlbəcərlilər qəribsəmiş yurd yerlərinə dönəcək, Ağdaban kəndi əvvəlki görkəminə qayıdacaq, yurd eşqi insanlara coşqu gətirəcəkdir.

Qədir ASLAN,

"Respublika".