Ağdam fədailəri
Region

Ağdam fədailəri

Qarabağda qazanılan tarixi Qələbə haqqında danışan Qalib Ali Baş Komandan İlham Əliyev bildirib ki, ilk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz bu Zəfəri bizə qismət edib. Çünki mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, döyüşsünlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.

Dövlət başçısının qeyd etdiyi kimi yüzlərlə ağdamlı gənc torpaqlarımızın işğalçılardan azad edilməsi üçün məhz bu amalla döyüşüblər. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan ağdamlıların xatirələri uca tutulur, onların qəhrəmanlığı geniş təbliğ olunur. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Hidayət Eldar oğlu Rüstəmovun xatirəsinə həsr olunmuş qısametrajlı "Mir Paşa" sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə "Şəhidlər" abidə kompleksini ziyarət edərək bu müqəddəs guşəyə gül dəstələri düzüb, şəhidlərin adını ehtiramla anıblar.

Hidayət Rüstəmov 1970-ci il avqustun 19-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Kənd səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki peşə məktəbində davam etdirib. 1988-90-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Hidayət 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edilib. Həmin vaxt Qarabağda ermənilər azərbaycanlılara qarşı hərbi təcavüz edir, adamları qətlə yetirir, kəndləri yandırırdılar. Eldar polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək igidlik göstərib.

1991-ci il dekabrın 23-də erməni silahlı dəstələri Meşəli kəndinə növbəti hücum edərək kəndi mühasirəyə alıblar. Dinc əhalini xilas etmək üçün Ağdamdan gələn polis işçiləri az qüvvə ilə kənd əhalisini xilas etmək üçün döyüşə giriblər. Qüvvələr qeyri-bərabər olsa da cəsur polis çavuşu H.Rüstəmov boş evlərin birində özünə mövqe seçir və yaxınlaşan düşmənə gözlənilmədən zərbələr endirir. Ermənilər cəsur döyüşçünün təslim olmadığını görüb həmin evə od vurublar. O, son damla qanınadək vuruşur və qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Pezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Milli Qəhrəmanın qısa və şərəfli ömür yolundan bəhs edən filmin təqdimat mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov 44 günlük müharibədə qazanılan şanlı qələbədən və Zəfərin xalqımızda yaratdığı vətənpərvərlik hisslərindən ətraflı söz açmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının dərin razılıqla qarşılandığını bildirərək Hidayətin döyüş yolu haqqında fikirlərini bölüşüb.

Rayonda şəhid və qazi ailələrinə davamlı diqqət göstərilir, Vətən fədailərinin adı əbədiləşdirilir. Rayonun Evoğlu kəndində Birinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Mərasimdə şəhidlərin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, kənd sakinləri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan şərəfli ömür yolundan danışılıb. Çıxışlardan sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin xatirəsi yad edilib.

Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, "Ağdam Polis Alayı" şəhid ailələri və qazilər İctimai birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Ələkbərov Saleh Surxay oğlunun və Mustafayev Fikrət Məhərrəm oğlunun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə "Şəhidlər" abidə kompleksini və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, hər iki abidə önünə gül dəstələri düzmüşlər. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından ətraflı söz açaraq şəhidlərin həyat yolunun gələcək nəsillər üçün əsl örnək olacağını bildiriblər.

Salman ALIOĞLU,

"Respublika".