AĞDAM: Məhsul istehsalı və xidmətlərin həcmi artıb
Region

AĞDAM: Məhsul istehsalı və xidmətlərin həcmi artıb

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yaxşılaşıb. Ən əsası isə əhalinin rifah halı xeyli yüksəlib, sosial müdafiəsi gücləndirilib. Ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi müdafiə qüdrətini daha da gücləndirir. Minlərlə yeni iş yerləri açılır. Bu həqiqət və reallıq hər kəsin həyatında əks olunur.

Rayonda 2022-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz artaraq, 36 milyon 613,1 min manat olub. Bu barədə rayon statistika idarəsindən verilən məlumatda qeyd olunur ki, məhsul istehsalının 13 milyon 362,9 min manatı aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 7 milyon 112,9 min manatlıq sənaye məhsulu istehsal edilib, 9 milyon 283,4 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumi məhsulun 445,6 min manatı nəqliyyat və anbar təsərrüfatı, 203,8 min manatı informasiya və rabitə, 6 milyon 204,5 min manatı isə ticarət və nəqliyyat vasitələrinin təmiri hesabına olub.

Qeyd edək ki, Quzanlı qəsəbəsində və ətraf kəndlərdə tikinti-quruculuq işləri davamlı xarakter alıb, yollar əsaslı təmir edilir, tarixi, dini-mədəni abidələrə ikinci həyat verilir, yeni binalar inşa olunur, bir sözlə, hər tərəfdə səliqə-sahman yaradılır. Əmin-amanlıq adamların daha həvəslə çalışmasına, qurub-yaratmasına, yaxşı güzəran qurmasına münbit şərait yaradır.

Həm ərazisinə, həm də əhalisinin sayına görə respublikanın ən iri rayonlarından hesab olunan Ağdamda son bir neçə il dirçəliş və tərəqqi dövrü kimi dəyərləndirilir. Qədim tarixi olan Ağdamda həm iqtisadi, həm də mədəni ənənələr üzərində müharibənin vurduğu yaralara məlhəm qoyulur.

Salman ALIOĞLU,

"Respublika".