Ağdam sakinləri üçün “Yolumuz Ağdama” adlı səfərlər davam etdiriləcək
MÜSAHİBƏLƏR

Ağdam sakinləri üçün “Yolumuz Ağdama” adlı səfərlər davam etdiriləcək

Düşmənin viran qoyduğu Ağdam şəhərinə sentyabrın 5-də “Yolumuz Ağdama” adlı ilk səfər təşkil olundu. Ağdam sakinləri doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basdılar. Vətəndaşlarımızın Ağdama səfərini böyük qayıdışın bir hissəsi kimi görürük.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş rayonlarımızdandır: “Bu, bizim işimizdə çox böyük çətinliklər yaradır. Buna baxmayaraq, işlər sürətlə gedir. Mina təhlükəsini aradan qaldırdıqca, Ağdama səfərləri daha təhlükəsiz şəkildə təşkil edəcəyik. Ağdam sakinləri öz dədə-baba yurdlarına qayıdacağı günə qədər bu səfərlər davam edəcək. Vətəndaşlarımız Ağdamın həm indiki vəziyyəti, həm də burada gedən quruculuq işləri ilə tanış olacaqlar”.

AZƏRTAC