Ağdam sakinlərinin doğma şəhərlərinə növbəti səfəri təşkil olunub
Sosial həyat

Ağdam sakinlərinin doğma şəhərlərinə növbəti səfəri təşkil olunub

Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə "Yolumuz Ağdama" adlı növbəti səfəri təşkil edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ağdamlıları doğma şəhərlərində salamlayıblar. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ağdam sakinləri Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

AZƏRTAC-ın bölgə müxbiri səfər iştirakçılarının bir neçəsi ilə həmsöhbət olub, təəssüratlarını öyrənib.

Gülnarə Tağıyeva: "Uzun illər idi ki, doğma torpaqlarımıza qayıtmağımızı həsrətlə gözləyirdik. Bu gün həsrət sona çatıb. Doğulub boya-başa çatdığım şəhərimə gəlmişəm. Buna görə özümü xoşbəxt sayıram. Sevinirəm ki, Ağdam erməni işğalından azad edilib. Eyni zamanda burada qarşılaşdığım mənzərə çox dəhşətlidir. Gözəl şəhərimdən əsər-əlamət qalmayıb. Yenə də Allaha çox şükürlər olsun, Vətənimizə gəldik, torpağına ayaq basdıq, havasını udduq. Bu, bizim üçün hər şeydir. Bu sevinci bizə bəxş edən Prezidentimizə, ordumuza minnətdarlığımı bildirirəm".

Könül Tağıyeva: "Bu gün Ağdama gəlməklə burada keçən qayğısız, xoşbəxt günlərimə qayıtdım. Ömrümün ən gözəl günlərini Ağdamda yaşamışam. Çox sevinirəm ki, doğma şəhərim artıq azaddır və biz buraya qayıtmışıq. Biz Ağdamı öz xatirələrimizlə, söhbətlərimizlə uşaqlarımızı sevdirmişik. Sevinirəm ki, Ağdamı görməyən uşaqlarımız gəlib burada yaşayacaqlar".

Afət Zeynalova: "İllərdir həsrətini çəkdiyim şəhərimdəyəm. Buraya qədəm qoyandan ağlayıram. Bizim üçün müqəddəs olan torpağından da götürdüm. Aparıb doğmalarımızın qəbri üstünə səpəcəyəm. 28 ildir bu günü gözləmişəm. Gözəl şəhərimiz vardı. Gördüklərimdən çox təsirlənmişəm. Erməni vandalları yerlə-yeksan ediblər. Allah Prezidentimizi qorusun! İnanıram ki, Ağdamımız tezliklə yenidən qurulacaq və ağdamlıların burada xoşbəxt günləri yenidən başlayacaq".

AZƏRTAC