AĞDAM: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır
Sosial həyat

AĞDAM: Şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır

Vətən müharibəsində bir güllə atılmadan işğaldan azad edilən Ağdam şəhərində yarı salamat qalan Cümə məscidində 28 ildən sonra ağdamlıların bir qrupu və din xadimlərinin iştirakı ilə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq namaz qılınıb, Qurandan ayələr oxunub. 27 Sentyabr - Anım Günündə bir daha qeyd olunub ki, şanlı qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, döyüş qabiliyyətini, qəhrəmanlığını dünyaya nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimizin, xüsusi təyinatlıların şücaəti sayəsində 30 ilə yaxın erməni faşizminin işğalı altında qalan torpaqlarımız azad edildi.

Mərasimdə Ağdamda ermənilərin törətdiyi vəhşilikdən, talan edilən tarixi-dini abidələrimizin acınacaqlı vəziyyətindən də söhbət açılıb. Bildirilib ki, 30 ilə yaxın erməni terroruna məruz qalan Ağdam şəhərini xarabalığa çevirən düşmənlər böyük bir şəhəri yer üzündən siliblər, qədim çinar ağaclarını yandırıblar, daşa, torpağa divan tutublar. Ağdamda həyat öz axarına qayıdır. Tikinti-quruculuq işləri sürətlə davam edir və yaxın gələcəkdə Ağdam dünyada ən gözəl şəhərə çevriləcək.

Şəhidlərimizin Anım Günündə Prezidentin Ağdam üzrə xüsusi nümayəndiliyinin əməkdaşları, Ağdam və Bərdədən olan din xadimləri, o cümlədən Ağdamda xidmət keçən polis əməkdaşları və hərbçilər iştirak ediblər. Canını, qanını Vətənə fəda edən şəhidlərin xatirəsi yad edildikdən sonra tədbir iştirakçıları Cümə məscidinin önündə televiziya vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini dinləyiblər.

FÜZULI

Vətən müharibəsinin birinci ildönümü ilə bağlı tədbirlər davam etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Füzuli rayonunda şəhidlərin əziz xatirəsinə inşa edilən "Əbədiyaşar şəhidlərimiz" adlı abidə-kompleksinin açılışında rayon rəhbərliyi, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər bildiriblər ki, Qalib Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, fədakarlığı, müdrik siyasəti nəticəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımız cəmi 44 günə erməni hərbi cinayətlərinə son qoyulub. Düşmən ordusu darmadağın edilib, işğalçılar qədim yurd yerlərimizdən qovulublar.

Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılıb, düşmənin xarabalığa çevirdiyi şəhərlərin və kəndlərin bərpası üçün iri layihələr icra olunur. Ən əsası isə torpaqlar əsl sahiblərinə qaytarılıb və ədalət zəfər çalıb. Sonra yeni inşa edilən abidə-kompleksinin açılışı olub. Şəhidlərin xatirəsi yad edilərək ruhuna dualar oxunub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, abidə-kompleksində bulaq və Vətən müharibəsində həlak olan igidlərin fotoları öz əksini tapıb.

Salman ALIOĞLU,

"Respublika".