Ağdam sülh,  əmin-amanlıq şəhəri olacaq
Region

Ağdam sülh,  əmin-amanlıq şəhəri olacaq

Ağdam şəhəri Ermənistanın  faşist, xunta rejimi tərəfindən yer üzündən silinib. Burada heç nəyə aman verilməyib, ağacları kəsiblər, torpağı yandırıblar, tarixi-mədəni abidələri dağıdıblar, qəbiristanlıqları məhv ediblər.  Türkə qarşı erməni nifrəti buranın hər qarışında özünü büruzə verir.  Ermənilər hər vasitə ilə çalışıblar ki, azərbaycanlılar bu yerlərə bir daha qayıda bilməsinlər. Yanılıblar. Anlamayıblar ki,  Vətən,  yurd məhəbbəti Azərbaycan türkünün qanında, canındadır.

Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar məqsədli şəkildə Ağdamın ağ damlarını xarabalığa çeviriblər, bu şəhəri yer üzündən silməyə çalışıblar.  Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin, erməni nifrətinin,  qəddarlığın bir nümunəsidir.

Ötən ilin noyabr ayının axırında işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Qalib Ali Baş Komandan İlham Əliyev bildirib ki, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki,  Ağdam rayonu, eyni zamanda,  Kəlbəcər və Laçın rayonları bir güllə atmadan,  bir şəhid vermədən işğaldan azad edilsin.  Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.  Heç kimdə bu haqda şübhə olmasın.  Bu, böyük iş olacaqdır. Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına,  qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq.

Dövlət başçısının sözü ilə əməli həmişə üst-üstə düşüb. İşğaldan azad olunmasından 7 ay keçməsinə baxmayaraq Ağdamda bərpa və yenidənqurma işlərinə başlanılıb, “Ağıllı şəhər” layihəsi həyata keçirilir. Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidenti və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh,  əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 ilə yaxın  ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.  Ağdamlılar həmin günləri səbirsizliklə gözləyir, şəhərin qurulmasında könüllü iştirak etmək istəyirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının,  Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş Plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq.  Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq.  Artıq bu işlərə başlanılıb və burada 2 mindən artıq ağac əkilib. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Bir sözlə, Ağdam dünyada bənzəri olmayan bir şəhər olacaq.  
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi,  kiçik sənaye və xidmət,  iri sənaye müəssisələri,  sosial və texniki zonalar,  TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının,  şərab,  yem,  gübrə istehsalı və emalının,  eyni zamanda, xidmət sahələrinin,  soyuducu kameraların təşkili də nəzərdə tutulub.  

Ağdamın strateji coğrafi mövqeyi,  digər bölgələrlə qovuşuqda yerləşməsi,  insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək.

Yeni Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi də yaradılacaq.  Məlum olduğu kimi, Ağdamda Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib.  Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.  Lakin işğal dövründə hər şeyi məhv edən ermənilər mədəniyyət ocaqlarını,  musiqi məktəblərini də dağıdıblar. Teatr binasının qalıqları açıq səma altında muzeydə saxlanılacaq.
Azərbaycanın Xalq artisti, dünya şöhrətli muğam ustası Mənsum İbrahimov deyir:
--27 ildir ki,  həsrətini çəkdiyim,  səsimi qazandığım o torpağa qovuşuram.  Orada doğulmuşam,  böyümüşəm,  canım,  qanım ilə Ağdamın zərrəsiyəm.  Əlbəttə ki,  böyük bir qələbədir. Düşmən üzərində elə zəfər çalmışıq ki,  dünyada tayı-bərabəri yoxdur. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuz hərb tarixində, sözün əsl mənasında,  bir dastan yazıb.  Özümüz öz gücümüzə torpaqlarımızı mənfur düşməndən azad etdik. Ordumuz,  şəhidlərimiz qarşısında baş əyirəm. Mənim ailəmdə iki şəhid oldu.  Qardaşımın oğlu və xalamın nəvəsi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldular.  Onların ruhu bu gün çox şaddır.

Ağdam şəhərinin Baş Planının təqdimat mərasimində mən də iştirak etdim.  Doğrudan da,  Ağdam möcüzə bir şəhər olacaq, tayı bərabəri olmayacaq.  Ağdam sülh şəhəri olacaq, muğam mərkəzi,  təbii muzey olacaq. Qalib Ali Baş Komandan ağdamlılara sonsuz sevinc bəxş edib, onların gələcək həyatını təmin edib.
Mənsum müəllimin sözünə qüvvət üçün deyək ki, sözün əsl mənasında,  Ağdamın xarabalıqları üstündə müasir bir şəhər inşa olunur. Təkcə meşə-park deyil,  Dağüstü park,  İmarət kompleksi,  Zəfər muzeyi, qayıqla gəzintiyə çıxmaq üçün kanal,  üzərində təsvirlər verilən göl,  şəhərətrafı bağlar və sair "ruhlar şəhəri" adlandırılan Ağdamı tək Azərbaycanın deyil,  Qafqazın ən gözəl şəhərinə çevrilməsinə səbəb olacaq.

Ağdam şəhər sakini Rafael Musayev deyir:

-İnanın ki, həyatımın ən xoşbəxt günlərini yaşayıram. Yeni Ağdamın təməli qoyuldu.  Sevincimizin həddi-hüdudu yoxdur, uzun illər həsrətini çəkdiyimiz yurd yerinə qayıdırıq, əcdadlarımızın torpağına sahib çıxırıq. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev nəsib edib. Bu xoşbəxtliyi təkcə bizə yox,  keçmiş məcburi köçkünlərə yox,  bütün Azərbaycan xalqına bəxş edib.   Bizim itmiş inamımız qaytarılıb. Bizim ölməkdə olan ümidlərimiz yenidən dirçəldilib,  taleyimizə yeni bir həyat yazılır. Bundan böyük xoşbəxtlik ola bilməz.

Ağdam yenidən tikilir, bu qədim diyarın daha gözəl günləri başlayıb. Yeni bir Ağdamı görəcəyik, nəvə-nəticələrimiz müasir bir şəhərdə yaşayacaq.  Rayonumuzun ziyalıları adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirirəm.

Salman ALIOĞLU,

“Respublika”.