Ağdam: tarixi qələbə təsviri sənət əsərlərində
Region

Ağdam: tarixi qələbə təsviri sənət əsərlərində

Vətən müharibəsində müzəffər ordumuzun şanlı qələbəsi Azərbaycan tarixinin yeni bir səhifəsidir. Uzun illər ərzində Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımız işğalçılardan təmizlənib, şəhidlərimizin qisası döyüş meydanında alınıb. Təbii ki, bu tarixi qələbə sənət adamlarının yaradıcılığına yeni bir stimul verib. İncəsənətin müxtəlif növlərində Zəfər günü öz bədii təcəssümünü tapır, maraqlı sənət nümunələri həyata vəsiqə qazanır.

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb. Sərgidə Elnurə və Aygün İsgəndərovaların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzində şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək Vətən müharibəsində Azərbaycan Ordusunun Qalib Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən söz açıb, bu Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Rəssam Aygün İsgəndərova  bildirib ki, fərdi yaradıcılıq sərgisində tətbiqi sənətin sanama, bədii tikmə, şəbəkə tikmə kimi növlərinə aid nümunələr nümayiş olunur. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ağdamda Heydər Əliyev Mərkəzində belə bir sərginin keçirilməsi çox əlamətdar və yaddaqalandır.

Xalq rəssamı Arif Hüseynov isə qeyd edib ki, sərginin Qarabağda, Ağdamda keçirilməsi rəmzi xarakter daşıyır. Yaxşı olardı ki, Qələbəni vəsf edən əsərləri ilə  rəssamlarımız respublikamızın regionlarında fərdi sərgilərini açsınlar. Bugünkü sərgini çox yüksək qiymətləndirir, Elnurə və Aygün İsgəndərova bacılarına uğurlar arzulayıram.

Sonra Elnurə və Aygün İsgəndərovalar sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Şəhid analarına diplom və hədiyyələr təqdim olunub.

Həmçinin şəhid ailələri, ictimaiyyət və media nümayəndələri, mədəniyyət işçiləri dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə, eləcə də rayon tarix-diyarşünaslıq və Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeylərinin eksponatları ilə də tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, rayondakı Heydər Əliyev Mərkəzinin və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, şanlı Qələbənin sənət əsərlərində əks olunmasında mühüm əhəmiyyətə malikdir.

Salman ALIOĞLU,

“Respublika”.