Ağdamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib
Region

Ağdamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib

Sentyabrın 21-də Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl müşavirə iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhərində yerləşən xüsusi nümayəndəliyinin Qərargahına gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Bundan sonra, tədbir iştirakçıları Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Müşavirə başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb, qazilərimizə şəfa dilənib.

Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, "Qarabağ Azərbaycandır" ifadəsini milli mübarizəmizin rəmzinə çevirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırıb.

Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə dövlət başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq "Böyük Qayıdış"ın əsasını qoyduğu qeyd edilib.

Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərilərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.

Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.

Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi diqqətə çatdırılmaqla prokurorluq orqanlarının Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Baş prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.

Əməliyyat müşavirəsində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağda aparılan, dünyada presedenti olmayan meqalayihələr, quruculuq işləri, tamamilə dağıdılmış yüzlərlə yaşayış məskəninin sıfırdan bərpasına dair ətraflı məlumat verməklə ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsinin beynəlxalq aləmdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

Emin Hüseynov işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanması, həmçinin yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədar müdafiə və təhlükəsizlik məsələlərin də böyük əhəmiyyət daşıdığını bildirərək bu istiqamətdə qarşıda duran vəzifələrin həyata keçirilməsində xüsusi nümayəndəliklə müvafiq prokurorluqların əlaqəli fəaliyyətinin xüsusi önəmə malik olduğunu qeyd edib.

Əməliyyat müşavirəsində Baş prokurorun müavini - respublika Hərbi prokuror Xanlar Vəliyev, Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov məruzələrlə çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Sonda Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilməklə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorluqlarının Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində, o cümlədən qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyət göstərəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Ağdam şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olan hərbçilərlə görüşüb Baş prokuror vətən keşikçilərinin xidmət və məişət şəraiti ilə maraqlanıb.

AZƏRTAC