AĞDAMLILARIN YURD HƏSRƏTİ SONA ÇATIR
Region

AĞDAMLILARIN YURD HƏSRƏTİ SONA ÇATIR

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan regionlara etdiyi səfərlərin hər biri xalqımıza yeniliklər bəxş edir.

May ayının 28-də dövlət başçısının Ağdama səfəri zamanı bir neçə təməlqoyma mərasimində iştirak etməsi bunu sübut edir.

Lakin bu, tarixi bir səfər kimi, ağdamlıların yaddaşında əbədi qalacaqdır. Çünki 30 ildən sonra ağdamlıların ata-baba yurdlarına dönüşləri reallaşır.

Bu günlərdə yolumuzu ağdamlıların da yaşadığı Tərtər rayonunun Şıxarx qəsəbəsindən saldıq. Bu şəhərtipli qəsəbə dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ermənilərin törətdiyi vəhşiliklər nəticəsində yurd-yuvasını tərk etməyə məcbur olan insanlar üçün qurulmuşdur.

Şıxarx müasir tələblərə tam cavab verən bir şəhərcikdir. 2018-ci ildə dövlət başçısı İlham Əliyev qəsəbənin açılışını etmişdir. Biz qəsəbədə yaşayan ağdamlılarla həmsöhbət olduq. Qəsəbədə əslən Ağdamdan olan 769 ailə evlə təmin olunmuşdur. 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş ziyalı Tofiq Hacıyev bizimlə səmimi söhbət etdi. O, ömrünün 45 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Hazırda Tərtər rayon Sarvan Quliyev adına Şıxarx 2 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində çalışır. T.Hacıyevlə söhbət zamanı bildirdi ki, Ağdam işğal olunanadək doğma kəndində pedaqoji sahədə çalışıbdır. Ağdamdan çıxanda 4 nəfər ailə üzvü olmuş, indi isə ailəsi 7 nəfərdən ibarətdir.

2017-ci il 28 noyabr tarixində Şıxarx qəsəbəsinin açılışında dövlət başçısının dediyi “çox yaxın zamanlarda hamı öz doğma ata-baba yurdlarına qayıdacaqdır və buna tam əmin ola bilərsiniz”, fikri Tofiq müəllimin yaxşı yadındadır.

Bəli, bu gün dövlət başçımız öz vədini yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu mənfur düşməni iti qovan kimi qovaraq müqəddəs torpaqları işğaldan azad etdi. Dövlət başçısı İlham Əliyevin 28 may tarixində doğma Ağdama səfəri zamanı ona Ağdam şəhərinin baş planı təqdim olundu. Həmin vaxt efirdə təməlqoymanı izlədikdə bütün ağdamlılar kimi, mənim də sevincimi sözlə ifadə etmək mümkün deyildi. O anda qeyri-ixtiyari olaraq gözlərimdən sevinc yaşları axdı.

Prezident ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dedi: “İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntını uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpaqlarımızdan qovacağıq və buna nail olduq”.

Tofiq müəllim qeyd elədi ki, Ağdamda icra olunacaq layihələrdə təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Rayonda Qarabağ Universitetinin yaradılması, eyni zamanda 15 təhsil müəssisəsinin tikintisi də yer almışdır. Ağdamda təhsilin, incəsənətin, mədəniyyətin və insanların inanc yerlərinin bərpası üçün genişmiqyaslı infrastruktur layihələr həyata keçiriləcəkdir.

Hazırda qəsəbədə bizə verilən evlər geniş, işıqlı, bir sözlə bütün standartlara cavab verir. Əgər bizə dünyanın ən gözəl məkanında bundan yaxşı evlər verilsə belə, Ağdam torpağı bizim üçün ən müqəddəs bir məkandır. Çox böyük səbirsizliklə doğma torpağımıza dönəcəyimizi gözləyirik. İnanırıq ki, bu qayıdış çox yaxın zamanlarda baş verəcəkdir.

Qəsəbədə yaşayan ağdamlılar cəhd edirdi ki, bizimlə həmsöhbət olsunlar. Rayonun Maqsudlu kənd sakini Məmmədov Saleh qəsəbədə ailəsi ilə birlikdə 2 otaqlı evlə təmin olunmuşdur. O, deyir ki, Ağdamdan çıxanda cəmi 13 yaşım var idi. Elə bilirdim ki, 2-3 günə evimizə qayıdacağıq. Lakin bu qayıdış çox uzun çəkdi. Qayğısız uşaqlıq və yeniyetməlik illərimin keçdiyi Maqsudlu kəndini vəhşi ermənilər tamamilə dağıtmışlar. S.Məmmədovun oğlu hazırda hərbi xidmətdədir. Özü isə qəsəbədə çilingər işləyir.

Növbəti həmsöhbətimiz Ağdamın Şotlanlı kənd sakini Rizvan Əliyev oldu. O, qeyd etdi ki, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan hədsiz məmnunuq. 2 otaqlı gözəl evlə təmin olunmuşuq. Lakin doğulduğum Şotlanlı kəndinin quru torpağına da qayıtmağa razıyam. Dövlət başçımızın biz ağdamlılara yaşatdığı sevinc heç nə ilə əvəz oluna bilməz. Qeyd etmək lazımdır ki, Rizvan Əliyevin qardaşı 1993-cü ildə şəhid olmuşdur.

Şotlanlı kəndinin digər sakini Kamil Dünyamalıyev qəsəbəyə köçənədək Tərtər rayonunun İsmayılbəyli kəndində yol kənarında çiy kərpicdən tikilmiş kiçik bir tikilidə yaşadığını dedi. 2018-ci ildən yeni qəsəbədə 3 otaqlı, şəraitli evlə təmin olunmuşdur. Onun 2 qardaşı 1992-ci ildə Ağdərədə gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. K.Dünyamalıyev vurğuladı ki, torpaqlarımızın, o cümlədən Ağdamın işğaldan azad olunması ilə şəhidlərimizin qisası alındı, onların ruhu indi şaddır. 

Ağdamlılar əmindirlər ki, güclü iqtisadiyyata malik olan Azərbaycan dövləti işğaldan azad olunan torpaqları, o cümlədən Ağdamı da əsl cənnətə çevirəcəkdir.

Vəli VƏLİYEV,

“Respublika”.