Ağstafa: Dilbaz atlarına qayğı göstərilir
Region

Ağstafa: Dilbaz atlarına qayğı göstərilir

At insanın ən sadiq və etibarlı dostudur. Qədim zamanlarda bu heyvanlar sürü şəklində vəhşi həyat sürərək yaşamışlar. Sonralar insanlar atları əhliləşdirərək özlərinə ram  etmişlər. Atlardan keçmişdə daha çox istifadə etmişlər. Onlardan yük daşımalarda, nəqliyyat vasitələri kimi, müharibələrdə və s. geniş istifadə olunmuşdur. Respublikamızda fəaliyyət göstərən atçılıq müəssisələrindən birinə - Ağstafa rayonunun Sadıqlı kəndi ərazisindəki Ağstafa Dilbaz Atçılıq Kompleksinə üz tutduq. Hazırda bu atlardan əsasən idman yarışlarında, eyni zamanda sərhədlərimizin qorunmasında geniş formada  istifadə olunur. 2019-cu ilədək burada atların saxlanması üçün heç də normal şərait mövcud olmamışdır. Köhnə binalar atların normal bəslənməsinə imkan verməmişdir. Ərazidə xoşagəlməz mənzərə hökm sürmüşdür. Məlumdur ki, dövlətimizin başçısı cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, respublikada atçılığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirir. Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə  dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.12.13-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon 30 min manatı kənd  Təsərrüfatı Nazirliyinə ayrılıb.

Qısa müddət ərzində müəssisə tikilib istifadəyə verilmişdir. Bu müəssisə müasir standartlara tam cavab verir. Yaradılmış hərtərəfli şərait müəssisəni əsl istirahət parkına bənzədir. Müxtəlif dekorativ ağaclara, qazonlara xüsusi aqrotexniki qulluq göstərilir, eyni zamanda ərazidə səliqə-sahmana diqqət yetirilir. Quraşdırılmış gecə lampaları axşamlar diqqəti daha da cəlb edir. 15 hektar ərazidə işçilərin normal fəaliyyət göstərməkləri üçün inzibati bina, 3 ədəd at tövləsi, cıdır meydanı, atların gəzintisi üçün avtomatik qurğu, atların yuyulması üçün iki ədəd salyari, iki bağlı anbar, ot yığmaq üçün  bina və s. inşa olunub istifadəyə verilmişdir. Müəssisənin açılışı 2019-cu ildə baş tutmuşdur. Kompleksə məxsus 3 ədəd əkin traktoru, 1 ədəd otbiçən, bir ədəd ot kipi paylayan və s. kənd təsərrüfatı texnikaları var.

Hazırda atçılıq kompleksində 204 baş Dilbaz cinsindən olan at bəslənilir. Bu atlar əsasən cıdır atlarıdır, həmçinin çövkən oyunu üçün daha əlverişlidir. Çünki bu atların boyu nisbətən balaca olur ki, bu da oyunçuların aşağı əyilərək topu asanlıqla vurmağına şərait yaradır.

Kompleksdə 37 baş müayinədən keçmiş madyan, 4 baş törədici ayğır və başqa atlara xüsusi qulluq göstərilir. Madyanlardan 37 baş sağlam dayça əldə olunmuşdur. Müəssisəyə məxsus 390 hektar əkinəyararlı torpaq mövcuddur. Atların yemə olan tələbatını ödəmək üçün  ötən il 130 ha sahədə buğda, 25 hektar arpa əkilib-biçilmişdir. 100 hektar sahədə isə çoxillik yonca bitkisi becərilmişdir. Əldə olunan məhsul atların yemə olan tələbatını ödəyir. 2023-cü ilin məhsulu üçün 70 hektar payızlıq buğda, 70 hektar arpa səpini aparılmışdır. Yay aylarında atlar Ceyrançöl massivinə aparılır, sentyabrın sonunda isə qaytarılır.

Respublikada keçirilən müxtəlif at yarışlarında, eləcə də çövkən oyunlarında Dilbaz atları qabaqcıl yerlərdə qərar tutmuşdur.

2006-cı ildə Şəki şəhərində keçirilən çövkən atüstü at oyununda 1-ci yerə layiq görülmüşdür.

2011-ci ildə Bakı şəhərində keçirilən çövkən oyunlarda yenə də 1-ci yerə layiq görülmüşdür.

2013-cü ildə Bakı şəhərində keçirilən çövkən oyununda 1-ci yerə layiq görülmüşdür.

2010-cu ildə Bakı şəhərində keçirilən  10 km məsafəyə qaçış marafonunda Dilbaz atları I, II və III yerləri tutmuşlar.

2022-ci il 01-06 avqust tarixlərində Bakı şəhərində keçirilən Sərhədçi Dilbaz çövkən komandası Çövkən Milli Atüstü oyunu üzrə “Şuşa kuboku” turnirində III yeri tutmuşdur.

Dünyada 260-a yaxın at cinsi yetişdirilmişdir ki, bunlardan ikisi “Qarabağ” və “Dilbaz” atlarıdır. Dilbaz atların burun pərələri geniş olduğundan havanı asanlıqla ciyərlərinə çəkərək daha sürətlə və uzun müddət qaçmaq qabiliyyətinə malikdirlər. Dilbaz cinsli atlar boz, göy, dəmir rəngində olur. Kompleksdə atlara yüksək qayğı göstərilir.

Vəli VƏLİYEV,

“Respublika”.