AĞSTAFA: Silaha sarılan müəllimin qəhrəmanlıq nümunəsi
Region

AĞSTAFA: Silaha sarılan müəllimin qəhrəmanlıq nümunəsi

Elvin İmaməliyev 5 may 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olmuşdu. 1995-2006-cı illərdə Qırılı kənd orta məktəbində təhsil almışdı. Şəhid atası Elsevər İmaməliyev və ailə üzvləri ilə görüşmək üçün igid əsgərin doğulub boya-başa çatdığı Qırılı kəndindəki evlərinə getdik.

Nə qədər çətin olsa da, şəhidin atasından Elvin müəllim haqqında danışmağı xahiş etdik. Elsevər kişi oğul itkisinin çox ağır dərd olduğunu dilə gətirdi. Lakin oğlunun Vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirdi. Müharibənin şəhidsiz və qazisiz olmadığını dedi. Elvin 2 bacının bir qardaşı olmuşdur. O, hələ uşaqlıq illərindən təmkinli, qürurlu, övlad olub, hər zaman təsərrüfat işlərində atasına kömək edib, yaxşı oxumaqla təhsil aldığı məktəbdə hər kəsin sevimlisi idi.

Atası deyir ki, Elvin uşaqlıq illərində futbola böyük maraq göstərirdi. Dərs əlaçısı olmaqla yanaşı, bəzən şeir yazmaqla da məşğul olurdu. Elvin orta məktəbi bitirdikdən sonra qəbul üçün sənəd təqdim etmiş, 529 balla Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə qəbul olmuşdu. Ali təhsilini başa vurduqdan sonra 2010-2011-ci illərdə bir il hərbi xidmətini yerinə yetirmişdi. Həqiqi hərbi xidməti dövründə o, dəfələrlə nümunəvi xidmətinə görə komandanlıq tərəfindən tərifnamələrlə təltif olunmuşdu. Hərbi xidməti başa vurduqdan sonra müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlarda iştirak etmiş, yüksək bal toplayaraq doğma kəndində - Qırılı tam orta məktəbində fransız dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdı.

2015-ci ildə o, İmaməliyeva Əsmər Vaqif qızı ilə ailə qurmuşdu. Bu evlilikdən onların 2 oğlu Təyyar və Tunar dünyaya gəlmişdir. Hazırda 4 yaşı olan Təyyar deyir ki, atam erməniləri öldürməyə, torpaqlarımızı azad etməyə gedib. 3 yaşlı Tunar isə atasının şəklini öpərək tezliklə onun qayıdacağını söyləyir. Bacıları Günel və Gülər qardaşları haqqında danışarkən onun şəhid olmasından sarsıldıqlarını bildirdilər. Elvin İmaməliyev həm də fəal gənc kimi rayonda tanınırdı. O, YAP Ağstafa rayon Təşkilatının Gənclər Birliyinin sədri idi.

2019-cu ildə o, direktorların işə qəbulu üzrə test imtahanlarında iştirak etmiş, yüksək bal toplayaraq Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru təyin edilmişdir. Qısa müddət ərzində rəhbərlik etdiyi kollektivdə ciddi nizam-intizam yaratmış, kollektivin sevimlisinə çevrilmişdi. Vətəninə, torpağına bağlı olan, həmişə Azərbaycanı bütöv görmək istəyən, torpaqlarımızın azad olunması eşqi ilə yaşayan Elvin İmaməliyev 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmiş, 28 sentyabrda cəbhəyə yollanmışdı. Bir neçə gün hərbi təlim keçdikdən sonra Füzuli istiqamətində gedən amansız döyüşlərə qatılmışdır. Döyüş yoldaşları onun çox cəsur və qorxmaz döyüşçü olduğunu bildirirlər.

Döyüş yoldaşları onun qorxmadan, daim ön cəbhədə vuruşmasını, bir neçə erməni əsgərini məhv etməsini bildirirlər. Çox təəssüflər olsun ki, qələbə xəbərini eşidən cəsur döyüşçü Elvin müəllim 2021-ci il noyabr ayının 9-da Vətən müharibəsinin qurtarmasına bir neçə saat qalmış Şuşa şəhərində mənfur düşmənin minomyotdan atdığı mərmiyə tuş gəlmiş, ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalmışdır.

Elvin müəllim ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Bu günlərdə "Düşmənə dərs keçən müəllim" - Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin xatirəsinə rəhbəri olduğu Ağstafa şəhər 1 saylı tam orta məktəbində inşa edilən abidə kompleksinin açılışı olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri, təhsil işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin döyüş yol

undan geniş danışmışlar.

Elvin İmaməliyev Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəli idi, iki oğul övladı Vətənə əmanətdir.

"Uşaqlarımı onun adına layiq böyütməyə çalışıram. Elvin hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə bu iki balasına bayrağı, Vətəni sevdirirdi. İndi uşaqlarım bayrağımızı görəndə deyir ki, atamın bayrağıdır", - deyə şəhidin həyat yoldaşı Əsmər İmaməliyeva söyləyib.

Vəli VƏLİYEV,

"Respublika".