Ağstafaçay Hidroqovşağında təmir işləri
İQTİSADİYYAT

Ağstafaçay Hidroqovşağında təmir işləri

Ağstafaçay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib.

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan anbarın açılışı  ümummilli lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Anbara su Ağstafa çayı vasitəsilə daxil olur. Həcmi (sututumu) 120 milyon  kubmetr, dərinliyi  46 metr  olan anbarın üzərində tikilən bəndin uzunluğu 1980 metr, hündürlüyü 50 metrdir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən  bildirir ki, hazırda anbarda cari təmir işlərinə start verilib. Bəndin uzun müddət istismar olunan beton üzlüyü təmir olunaraq onun dayanıqlılığı artırılır. Həmin ərazidə 200 milyon  kubmetr  beton işinin görülməsi nəzərdə tutulub.

Anbardan su  Sağ və Sol Magistral kanalları vasitəsilə verilir. Sol Sahil Magistral kanalının uzunluğu 11 kilometr, suburaxma qabiliyyəti isə saniyədə 13 kubmetrdir. Kanal 14 min hektar  ərazini suvarır. Sağ Sahil Magistral kanalının uzunluğu isə  58 kilometr, suburaxma qabiliyyəti  isə  saniyədə 25  kubmetrdir. Kanal 43 min hektar   ərazinin suvarılmasını təmin edir. Kanalların üzərində 124 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğu  mövcuddur. Hər il olduğu kimi, bu il də suvarma mövsümü başlamazdan öncə kanallar maşın və  mexanizmlərin köməyi ilə lildən təmizlənib, hidrotexniki qurğulara baxış keçirilərək nasazlıqlar aradan qaldırılıb. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi texnikaları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi 170 min kubmetr  lildən təmizləmə işləri həyata keçirilib.

Qeyd edək ki, Ağstafaçay Su Anbarı qərb bölgəsinin dörd rayonunda (Qazax, Ağstafa, Tovuz və Şəmkir ) əkinəyararlı 57 min hektar əkin sahələrinin suvarılmasına xidmət edir.

Nəriman CAVADOV,

“Respublika”