“Ağsu Aqropark
Region

“Ağsu Aqropark"da qazanılan uğurlar aqrar sahəyə göstərilən qayğının nəticəsidir

Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanının icrası ilə bağlı Baş nazir Əli Əsədovun sədrliyi ilə sentyabrın 12-də Ağsu rayonunda işçi müşavirə keçirilib. Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Dünyanı narahat edən ərzaq təhlükəsizliyi ilə bağlı qlobal məsələlər, ölkəmizdə ərzaqlıq buğda istehsalında qarşılaşdığımız problemlərin həlli üçün Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb və təsərrüfat rəhbərlərinin təklifləri dinlənilib.

Müşavirədə hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyi, məhsulun keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaya üstünlük verilməsi, su ehtiyatlarından qənaətlə istifadə olunması bildirilib və aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Müşavirə iştirakçıları "Ağsu Aqropark" QSC-nin fəaliyyəti ilə tanış olublar.

Milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə yaradılan aqroparklar respublikamızda ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin, emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Bu, aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə emal sanəyesi üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. İnvestisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin, aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.

"Ağsu Aqropark" QSC-nin sədri Atababa İsayev əməkdaşımızla söhbətində bildirib ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan aqroparkın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən cəmiyyət əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

Qeyd edildi ki, müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, ümumilikdə 34 kilometr uzunluğunda yeni yol çəkilib, mövcud yollar yenidən qurulub. Aqroparkın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Ərəbmehdibəy kəndi ərazisində 1 elektrik stansiyası, 2 ədəd 630 kilovoltluq, 1 ədəd 100 kilovoltluq, 1 ədəd 35 kilovoltluq, ümumilikdə isə 7 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 45,4 kilometrlik elektrik xətti çəkilib, rabitə, SİP kabelləri yenilənib, işıqlandırma işləri görülüb. Həmçinin, Girdimançay üzərində müasir körpü tikilərək istifadəyə verilib, müəssisənin qazla təmin olunması məqsədilə 33 kilometr uzunluğunda qaz xətti çəkilib.

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur.

Qeyd edək ki, aqroparklar əsasən qeyri-münbit torpaqlarda yerləşdirilib və sonradan ərazisi münbitləşdirilir. Bu aqroparkın ərazisindəki torpağın münbitliyinin artırılması məqsədilə də orqanik və mineral gübrələrdən istifadə edilir. Torpağın üst qatında lazer səviyyələndirmə texnikası ilə hamarlama işləri aparılıb, drenaj kanalları çəkilərək şoranlıq problemi həll edilib, nəticədə 1600 hektardan artıq torpaq sahəsi əkin üçün yararlı hala gətirilib. Həmin ərazidə yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində aparılan geniş islahatlar çərçivəsində həyata keçirilən xüsusi Dövlət proqramları, xüsusən kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar bizim kimi kənd təsərrüfatı subyektləri üçün xüsusi motivasiya mənbəyidir. Qazanılan uğurlar dövlət başçısının aqrar sahəyə verdiyi qiymətin və göstərdiyi qayğının nəticəsidir.

Qeyd olundu ki, aqroparkın əsas fəaliyyət istiqamətləri çərçivəsində 1800 hektar sahədə müasir, yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, yonca kimi yem bitkiləri əkilmişdir. Bununla yanaşı, 600 baş sağmal heyvan olmaqla, illik süd istehsalı 4 milyon litr nəzərdə tutulmuşdur. Mal ətinə olan tələbatın ödənilməsi məqsədilə 1000 baş iribuynuzlu heyvan yetişdirilməsi cəmiyyətin fəaliyyət istiqamətlərinin tərkib hissələrindən biridir.

Yem istehsalında istehsal gücü saatda 10 ton olan, müasir avadanlıqların quraşdırıldığı yem zavodu qurularaq istifadəyə verilmişdir. Bununla yanaşı, cəmiyyətin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Belə ki, istehsal gücü saatda 5 ton olan toxumtəmizləmə bölümündə, yerli və xarici toxumlar, müxtəlif mərhələlərdən keçirilərək təmizlənir, paketlənir və müştərilərin istifadəsinə təqdim edilir.

"Ağsu Aqropark" olaraq yüksəkkeyfiyyətli toxumların istehsalında son iki ildə əldə etdiyimiz uğurlu nəticələr bu sahədə doğru istiqamət üzrə olduğumuzun bariz nümunəsidir. Belə ki, keçən il üçün satışa çıxarılan toxumların miqdarı 1500 ton, cari il üçün isə 2200 ton nəzərdə tutulmuşdur.

A.İsayev qeyd etdi ki, bu ilin avqustun 12-də möhtərəm Prezidentin Ağsuya səfəri zamanı "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış olması kollektivimizin ruh yüksəkliyini artırmaqla yanaşı, məsuliyyətimizi də artırmışdır. Dövlət başçısının ərzaqlıq buğda ilə bağlı çıxışları, tövsiyə xarakterli fikirləri, fərmanları tərəfimizdən yüksək həssaslıqla qarşılanır və müvafiq zəruri addımların atılmasını labüd edir.

Əkin üçün yararlı olan 800 hektarlıq sahədə yüksək texnoloji standartlara cavab verən müasir pivot suvarma sistemləri qurulmuşdur. Yaxın gələcəkdə ərzaqlıq buğda istehsalı ilə bağlı Kürdəmir rayonunun ərazisində yerləşən sahələrimizdə, su təchizatının təminatı mümkün olduğu təqdirdə 600 hektarlıq yeni ərazilərdə pivot suvarma sistemlərinin qurulması əsas prioritet hədəflərimiz sırasındadır.

Bildirildi ki, aqroparkın bu günə qədər əldə etdiyi nəticələr dövlətin bu sahəyə göstərdiyi dəstək və diqqətin bariz nümunəsidir. Qarşımızda qoyulmuş hədəflərə çatmaqda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin yaxından dəstəklərini hər zaman hiss edirik. İnanırıq ki, "Ağsu Aqropark" olaraq üzərimizə düşən öhdəliyimizi layiqincə yerinə yetirəcək və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəal iştirakçılardan birinə çevriləcəyik.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".