Ağsu melioratorları torpaq kanalları beton üzlüyə alırlar
Region

Ağsu melioratorları torpaq kanalları beton üzlüyə alırlar

Hazırda ölkə melioratorlarının qarşısında duran ən mühüm vəzifələrdən biri torpaq kanalların tədricən beton kanallarla əvəzlənməsidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, Ağsu Suvarma Sistemləri İdarəsi 37071 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 967 kilometr suvarma kanalından istifadə olunur. Bunlardan yalnız 64 kilometri beton kanallardır. Hər il olduğu kimi, bu il də idarə tərəfindən torpaq kanalların beton üzlüyə alınması prosesi davam edir. Hazırda rayonun əsas suvarma kanalı sayılan Maşın Qolu kanalında beton işləri həyata keçirilir. Uzunluğu 36 kilometrə yaxın olan bu kanalın son illər artıq 10 kilometri beton üzlüyə alınıb. Bu da kanalın xidməti ərazisində olan 10 min hektardan artıq əkin sahəsinin suvarılmasını xeyli yaxşılaşdırıb.

Ağsu Suvarma Sistemləri İdarəsi çay məcralarının təmizlənməsi, yaşayış və əkin sahələrinin sel sularından mühafizəsi üçün daş-beton bəndlərinin çəkilməsi və təmiri işlərini də həyata keçirir. İdarənin balansında olan 6700 metr uzunluqda daş-beton bənddən Ağsu çayda 500 metrdən artıq hissəsi təmir olunub. Ondan 100 metri əsaslı, 70 metri isə cari təmir edilib. Bundan başqa, çaylarda 95 min kubmetr məcra təmizləmə işləri görülüb, 49 ədəd hidrotexniki qurğu təmir olunub. Suvarma kanalları isə 650 min kubmetr həcmdə lildən təmizlənib, beton və nov kanallarda təmir işləri aparılıb.

Ağsu rayonunda suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir Su Anbarıdır. Bu il Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkilən kənd təsərrüfatı bitkiləri 3 dəfə suvarılıb.

Nəriman CAVADOV,

"Respublika".