Ağsu: Xocalı ailələri ilə görüş
Region

Ağsu: Xocalı ailələri ilə görüş

Rayon rəhbərliyi Xocalı sakinləri və Vətən müharibəsi şəhidlərinin ailələri, rayon ağsaqqallarının iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümündə görüş keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək  Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar Klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.

 Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu vurğulayıb. Törədilən soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyi diqqətə çatdırılıb.

M.QULUYEV,

“Respublika”.