Ağsuda aqrar islahatlar bəhrəsini verir
Region

Ağsuda aqrar islahatlar bəhrəsini verir

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaratmışdır. Bu sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. Xüsusilə, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və mütərəqqi dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar, iri fermer təsərrüfatları təşkil edilir. Həyata keçirilən islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur.

Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynov qeyd etdi ki, rayonda ənənəvi sahə hesab edilən, ərzaq məhsullarına olan tələbatın dolğun ödənilməsində vacib rolu olan və əhalinin gəlir mənbəyi hesab edilən meyvəçilik də inkişaf etdirilir. Ümumilikdə rayonda 2192.81 hektar meyvə bağları vardır ki, bunun da 120.42 hektarı üzüm, 4.3 hektarı alma, 3.3 hektarı armud, 22.71 hektarı heyva, 19.23 hektarı xurma bağlarıdır. Yuxarıda göstərilən bağlardan 5 hektar gilas, 19.6 hektar şaftalı, 31.5 hektar nar, 1 hektar gavalı, 4.51 hektar xurma, 7 hektar zeytun, 55.53 hektar badam, 0.3 hektar armud, 0.16 hektar heyva, 10 hektar əncir bağları 2022-ci ildə əkilmişdir. Bağlarda mövsümə uyğun olaraq aqrotexniki tədbirlər, o cümlədən cərgə aralarının şumlanması, budama, qış çiləməsi, suvarma və digər işlər aparılır. Məhsuldar 17.02 hektar alça, 18 hektar gilas, 3.0 hektar şaftalı, 1.18 hektar qarşıq meyvə bağlarından məhsul toplanmışdır.

Rayonun iqtisadiyyatının aparıcı sahələrindən biri də heyvandarlıqdır. Aqrar islahat aparılan vaxt rayonda 30428 baş qaramal, 94098 baş qoyun-keçi saxlanılırdısa, indi rayon üzrə əhalidə və mütərəqqi təsərrüfat formalarında 38836 baş iribuynuzlu mal-qara, 135 min başdan artıq qoyun-keçi, 241910 baş quş mövcuddur.

Bu ilin ötən dövrü ərzində rayon üzrə 2802 ton diri çəkidə ət, 16596 ton süd, 8492.0 min ədəd yumurta, 322 ton yun istehsal olunmuşdur. 2022-ci ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə 37 ton ət, 221 ton süd, 103.0 min ədəd yumurta, 4 ton yun istehsal olunmuşdur.

Qeyd edək ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin daha da sürətləndirilməsi məqsədilə rayonda süni mayalanma işinə xüsusi önəm verilir. Ötən müddət ərzində 1013 baş ana malda süni mayalanma aparılıb və indiyədək 625 baş sağlam buzov alınmışdır. 2022-ci ildə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə süni mayalanma yolu ilə alınan buzovların sayı 53 baş çoxdur.

Rayonda aparılan baytarlıq tədbirləri nəticəsində epizootik durumda sabitlik təmin edilmişdir. 2022-ci il ərzində iri və xırdabuynuzlu heyvanlar arasında xəstəliklərə qarşı kütləvi peyvəndləmə tədbirləri aparılmışdır. Epizootik tədbirlər planına uyğun olaraq 35465 baş iribuynuzlu, 54804 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə, 6390 baş iribuynuzlu, 23048 baş xırdabuynuzlu heyvanda bruseleyoza, 31282 baş iribuynuzlu, 56070 baş xırdabuynuzlu heyvanda, 499 baş atda qarayaraya, 200 baş iribuynuzlu heyvanda leptospiroz xəstəliyinə, 1000 baş itdə quduzluğa qarşı vaksinasiya aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanına əsasən aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış "Elektron kənd təsərrüfatı" informasiya sisteminin əsas tərkib hissəsi olan "Subsidiya və siyasətə dair informasiya sisteminin" (SSİS) məlumat bazasının formalaşdırılması məqsədilə fermerlərin məlumatları elektron kənd təsərrüfatı sisteminə işlənilmişdir. Payızlıq əkinlərə görə 2021-2022-ci ildə subsidiya ödənilməsi üçün 6638 nəfər istehsalçının əkinləri barədə məlumatları elektron kənd təsərrüfatı informasiya sisteminə işlənilmiş, onların əkinləri barədə bəyannamələr təsdiq edilmişdir.

İlqar Hüseynov bildirdi ki, fevral ayından etibarən 808 fermerin yazlıq və çoxillik əkmələri elektron sisteminə işlənməsinə başlanılmış və may ayının sonunda yekunlaşmışdır. Bu ilin may ayının 3-də 1900 qram (100 qutu) barama qurdu 54 fermer arasında paylanmış və nəticədə 4986.25 kiloqram yaş barama istehsal olunmuşdur. Hər qutuya (19 qram) 49.86 kq məhsul istehsal olunmuşdur ki, bu da respublika üzrə ən yüksək göstəricilərdəndir.

M.NƏRİMANOĞLU,

"Respublika".