AHİK aztəminatlı ailələrə bayram sovqatı göndərib
Sosial həyat

AHİK aztəminatlı ailələrə bayram sovqatı göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.

Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, bu nəcib missiyanın davamı olaraq dekabrın 28-də qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan ailələr də daxildir. Qeyd edək ki, bununla da AHİK tərəfindən sovqat göndərilən ailələrin sayı 26 mini ötüb.

"Respublika".