AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar
Digər xəbərlər

AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar

Mayın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "Beynəlxalq Əmək Təşkilatının 29 və 105 saylı konvensiyalarının tələblərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda hibrid formatda seminar keçirilib.

Seminarda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa Bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Seminarın açılışında çıxış edən BƏT-in sektor müdiri Sergiyus Qlovaskas qlobal problem olan məcburi əməkdən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, yoxsulluğa gətirib çıxarmasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.

Geniş məruzə ilə çıxış edən AHİK sədri Səttar Möhbalıyev BƏT-in "Məcburi əməyin ləğv edilməsi haqqında" 105 saylı konvensiyasının Azərbaycan tərəfindən icrasından və məcburi əməyə qarşı mübarizədə ölkəmizdə həmkarlar ittifaqlarının rolundan söz açıb. Bildirib ki, Azərbaycan hökuməti və ölkəmizin bütün maraqlı qurumları 105 saylı konvensiyanın tətbiqinə böyük diqqətlə yanaşır, göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir.

 S.Möhbalıyev qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir: "Azərbaycanın BƏT-in rəhbər orqanına üzv seçilməsi də bunun bir əlamətidir. İndiyədək ölkəmiz BƏT-in 58 konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla milli əmək qanunvericiliyimiz beynəlxalq standartlara və normalara uyğunlaşdırılır".

Konfederasiya sədri vurğulayıb ki, AHİK icbari əməyə qarşı ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir.

Digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, iki günü (19-20 may) əhatə edən seminarda məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu, fəaliyyəti və hüquqi maarifləndirmə tədbirləri, BƏT-in 29 və 105 saylı konvensiyalarının Azərbaycanda implementasiyası haqqında məruzələr dinlənəcək.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.