AHİK sədri şəhid ailələri ilə görüşüb
Sosial həyat

AHİK sədri şəhid ailələri ilə görüşüb

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmüş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.

Tədbir Vətən uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. S.Möhbalıyev çıxışında Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik istedadından və diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açıb. Bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ötən illər ərzində atılmış hər bir addım və qəbul edilmiş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etmişdir. Məhz onun Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanındı.

AHİK sədri şəhid ailələrinə xitabən deyib ki, məhz sizin böyüdüb vətənpərvərlik ruhunda tərbiyə etdiyiniz övladlar düşmən qarşısında mətin dayandılar, yüksək döyüş ruhu ilə işğalçı ordunu məhv etdilər. Döyüş əməliyyatları zamanı bir dəfə də olsun geri addım atmadılar, yalnız irəli getdilər. Onların döyüş taktikası və qəhrəmanlığı bu gün dünyanın aparıcı hərbi məktəblərində böyük maraqla öyrənilir. İllər keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini daim ehtiramla yad edəcək.

S.Möhbalıyev əlavə edib ki, şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları həmkarlar ittifaqlarının da diqqətindədir. Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkilir, görüşlər təşkil olunur, qayğıları ilə maraqlanılır, hər cür maddi-mənəvi dəstək göstərilir. Şanlı qələbəmizdən sonra həmkarlar ittifaqları şəhid və qazi ailələrinə ümumi məbləği 4 milyon manatdan artıq birdəfəlik yardımlar göstərmiş, həmçinin 201 şəhidin 346 övladı himayəyə götürülmüşdür. Hər ay onların hesabına müəyyən məbləğdə pul köçürülür və bu, onların 18 yaşına çatana qədər davam etdiriləcək.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara olan həssas münasibətdən, göstərilən qayğıdan danışıblar. Və buna görə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla, əməyi olan hər kəsə təşəkkür ediblər. Qeyd edək ki, tədbirdə iştirak edən şəhid ailələrinə AHİK tərəfindən müəyyən edilmiş məbləğdə maddi dəstək göstərilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.