AHİK Türkiyəyə konteyner evlər göndərib
Digər xəbərlər

AHİK Türkiyəyə konteyner evlər göndərib

Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərilir.

Martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və ikiotaqlı modul tipli ev - konteyner göndərib. Bu barədə verilən məlumatda bildirilir ki, yüksək keyfiyyətlə hazırlanmış konteynerlərdə insanların yaşaması üçün bütün zəruri şərait yaradılıb.

Qeyd olunur ki, konteynerlər "Qardaş köməyi" platforması çərçivəsində Lökbatandakı "Agro" terminalından Kahramanmaraş şəhərinə yola salınıb.

AHİK, həmçinin zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 min manat vəsait köçürüb.

Xatırladaq ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianələr etmişdi.

M.KAMAL,

“Respublika”.