AİDA qlobal səviyyədə davamlı inkişafa və humanitar yardıma öz töhfəsini verir
Digər xəbərlər

AİDA qlobal səviyyədə davamlı inkişafa və humanitar yardıma öz töhfəsini verir

Azərbaycan müstəqilliyinin 30 ilini arxada qoyub. Bu illər dövlətimizin siyasi və iqtisadi sisteminin transformasiya illəri olmuşdur və dövlət quruculuğu prosesi ilə müşayiət edilir. Bu zaman kəsiyində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuş, siyasi islahatlarla paralel şəkildə iqtisadi islahatlar da həyata keçirilmişdir.

Beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilən Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür, güclü beynəlxalq dəstəyə malikdir. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana ehtiramın ifadəsi idi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. 2015-ci ildə BMT Azərbaycana daha bir etimad göstərdi. Belə ki, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin edildi.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) 2011-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır. AİDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AİDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

AİDA-nın büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. Onun fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Agentliyə rəhbərliyi xarici işlər naziri tərəfindən təyin edilmiş Agentliyin rəisi həyata keçirir. AİDA-nın əməkdaşları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. AİDA Afrika, Asiya və Latın Amerikasında humanitar və texniki yardım sahələri üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının və AİDA-nın həyata keçirdiyi proqramlardan artıq 100-dək ölkə faydalanmışdır.

İqtisadi cəhətdən sürətlə inkişaf edən, dünya xalqları və dövlətləri arasında getdikcə daha böyük nüfuz qazanan Azərbaycan Respublikası artıq uzun müddətdir ki, donorluq missiyasını həyata keçirir və qlobal inkişaf prosesində yaxından iştirak edir. Artıq Azərbaycan beynəlxalq aləmdə yeni simada donor ölkəsi kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlər, eyni zamanda iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Xarici dövlətlərə yardımların göstərilməsi zamanı, əməkdaşlıq, səmərəlilik, şəffaflıq və hüquq bərabərliyi prinsiplərini əsas götürərək, AİDA təsis olunduğu vaxtdan etibarən öz fəaliyyətini əsasən iki istiqamət üzərində qurmuşdur: humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa dəstək.

Ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA ölkəmizin xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.

AİDA-nın əsas missiyası dayanıqlı, firavan və daha gözəl bir dünyanın qurulmasında Azərbaycan xalqının dəstəyini beynəlxalq aləmə çatdırmaqdır. Azərbaycanın güclü iqtisadi inkişafı sayəsində AİDA inkişaf etməkdə olan ölkələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq cəhdlərə öz töhfəsini verir. Bu çərçivədə, Agentliyin əsas fəaliyyəti yoxsulluğun azaldılması, insan sağlamlığının yaxşılaşdırılması və yardıma ehtiyacı olan ölkələrin sosial və iqtisadi inkişafının gücləndirilməsini əhatə edir.

BMT-nin “Davamlı İnkişaf Məqsədləri”ni rəhbər tutaraq, Agentlik yoxsulluqla mübarizə, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafını, informasiya texnologiyalarının daha geniş tətbiqi və enerji resurslarından səmərəli istifadəni daim diqqət mərkəzində saxlayır.

AİDA tərəfindən aparılan məqsədyönlü iş sayəsində 2019-cu ildə Azərbaycan inkişafa yardım sahəsində dünyada ən nüfuzlu və prestijli beynəlxalq qurumlardan biri sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) iştirakçı statusu əldə etmişdir.

OECD—1961-ci ildə fəaliyyətə başlamış, yüksək iqtisadi göstəricilərə malik 36 üzvü öz ətrafında birləşdirən dövlətlərarası təşkilatdır. Katibliyi Parisdə yerləşən təşkilatın əsas məqsədi dünya üzrə əhalinin rifah halının və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən sosial-iqtisadi siyasətin və proqramların təbliğ edilməsidir. Bu təşkilat dövlətlərin qarşılıqlı müzakirələr əsasında öz təcrübəsini bölüşə biləcəyi, həmçinin ortaq problemlər üçün həll yollarını aşkar edəcəyi forum rolunu oynayır.

İnkişafa Yardım Komitəsi (DAC) isə inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış forumdur.

OECD/DAC öz ətrafında donor dövlətlərini birləşdirən ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 30 donor dövlət təmsil olunur, eyni zamanda, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Qeyd edək ki, Azərbaycan MDB daxilində OECD/DAC-da bu statusda təmsil olunan yeganə ölkədir.

Ümumilikdə donor ölkələrini bir araya gətirən OECD/DAC-da Azərbaycanın belə yüksək statusda iştirakı həyata keçirdiyi donor fəaliyyətinin səmərəliliyinin artırılmasına, onun beynəlxalq aləmdə daha geniş şəkildə işıqlandırılmasına və yeni tərəfdaşlar əldə edilməsinə xidmət edir.

AİDA Agentliyinin humanitar yardım fəaliyyəti istiqamətindəki əsas məqsəd dünyada yardıma ehtiyacı olan insanlara zamanında və effektiv yardım göstərmək və bu insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Məsələn, Azərbaycan Respublikası tərəfindən 2012-ci ildə suriyalı qaçqınlara, Kubada baş vermiş Sandi qasırğasının törətdiyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə Kubaya, aramsız yağan yağışlar nəticəsində yaranmış humanitar vəziyyətin fəsadlarının aradan qaldırılması üçün Panamaya, baş vermiş quraqlıq nəticəsində yaranmış ərzaq böhranının aradan qaldırılması məqsədilə Burkina Fasoya, 2013-cü ildə Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Filippinə, 2014-cü ildə Qəzzə bölgəsindəki Fələstin xalqına, 2017-ci ildə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyada aclıq təhlükəsi ilə üzləşən insanlara, 2018-ci ildə ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə, 2019-cu ildə burundili qaçqınlara, Yəmən Respublikasına maliyyə yardımı göstərilmişdir.

2019-cu ildə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) proqramı çərçivəsində Çad və Nigerdə 2 minədək, ümumilikdə bu kampaniya çərçivəsində isə 10 mindən çox insana oftalmoloji xidmət göstərilmiş, onların görmə qabiliyyətləri bərpa olunmuşdur. Kampaniyada AİDA-nın təşəbbüsü ilə Azərbaycandan olan oftalmoloqlar da iştirak etmişdir.

2014-cü ildə Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə AİDA və Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin dəstəyi ilə içməli su problemindən əziyyət çəkən Dera İsmayil Xan ərazisinin Tank bölgəsində inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”ni həyata keçirmişdir ki, bu layihənin sayəsində də ümumilikdə bölgədə yerləşən 40 minə qədər insan içməli su ilə təmin olunmuşdur.

AİDA Agentliyi dünyada inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərir və onların müxtəlif sahələrdəki inkişafına dəstək olur.

2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarında qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin, ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

“Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı” çərçivəsində inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə birgə 2018-ci ildən etibarən Asiya və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə ixtisasartırma kursu təşkil edilmişdir.

BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq çərçivəsində Əfqanıstanın Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsinin reallaşdırılması ölkədə Elektron hökumət sisteminin qurulmasına və ümumiyyətlə hökumət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım edir.

AİDA Agentliyi tərəfindən həyata keçirilən xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində inkişaf etməkdə olan müxtəlif ölkələrin tələbələrinə Azərbaycan Respublikasının ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılır və bu proqram çərçivəsində həmin xarici tələbələrin bütün xərcləri Agentlik tərəfindən ödənilir.

Azərbaycanın ali təhsil ocaqları, elmi-tədqiqat institutları ilə birgə inkişaf etməkdə olan ölkələrin insan kapitalının yüksəldilməsi məqsədilə mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisasartırma kursları və seminarlar təşkil edilir.

Agentliyin qısa zamandakı fəaliyyəti onu göstərir ki, AİDA böyük potensiala malikdir və o, həyata keçirdiyi layihələr vasitəsilə beynəlxalq donor cəmiyyətinin nəcib işinə bundan sonra da yardım etməyə davam edəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.