Sosial həyat

"Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər" mövzusunda ictimai müzakirə

18 may - 18 iyun tarixlərində ölkəmizdə keçirilən "İnsan Hüquqları Aylığı" çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən "Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər" mövzusunda ictimai müzakirə təşkil edilib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirin açılış hissəsində Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova və Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış ediblər.

Ombudsman tədbirdə çıxışı zamanı dövlət ailə siyasətinin cəmiyyətdə ailənin mövqeyinin qorunması, ailə dəyərlərinin daha da möhkəmləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə yönəldiyini qeyd edib.

S.Əliyeva ailə münasibətləri ilə əlaqəda

r hüquq pozuntularının qarşısının alınmasında məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi milli insan hüquqları təsisatlarının böyük rolu olduğunu bildirib. Bu baxımdan, Ombudsman Aparatına əsasən məişət zorakılığı, alimentin ödənilməsi, valideynlərin uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəmə qərarlarının icrası, qəyyumluq və himayə məsələləri, erkən evlilik və digər hallarla əlaqədar müraciətlərin daxil olduğu və zəruri araşdırmalar aparılmaqla müvafiq tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Aliment borcunun ödənilməsindən yayınma hallarının əsas şikayət obyekti olan hallar sırasında yer aldığını bildirən Ombudsman bununla bağlı illik məruzələrdə verilmiş təkliflər barədə danışıb. O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və zəruri tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Tədbirdə Ombudsman Aparatı və Ədliyyə Nazirliyi arasında sıx əməkdaşlıq qurulduğu, əksər şikayətlərlə bağlı bu nazirliyə müraciət olunduğu diqqətə çatdırılıb.

Daha sonra iki panel sessiya və müzakirə ilə davam edən tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, habelə Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Mediasiya Şurası, Yasamal Rayon Məhkəməsi  və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış ediblər.

Yekunda ictimai müzakirə iştirakçıları ailə-nikah münasibətlərinə dair müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

"Respublika".