AK Parti Sədrinin birinci müavini: Ermənistan kənar ölkələrə arxalanmamalıdır
Digər xəbərlər

AK Parti Sədrinin birinci müavini: Ermənistan kənar ölkələrə arxalanmamalıdır

Ermənistan kənar ölkələrdən, öz diasporundan kömək ummaq adətindən əl çəkməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

O bildirib  ki, Qarabağ zəfərindən sonra təklif edilən “altılıq” platformasını dəstəkləyirik. “Altı ölkənin - Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın müştərək bir platforma çərçivəsində problemləri öz aralarında həll etmələrini ən doğru yol olduğu qənaətindəyik. Azərbaycanla Ermənistan arasında problemlərin çözülməsinin yolu da hər iki ölkənin müharibədən sonra bu sülh ortamının davam etdirilməsindən keçir. Problemləri danışaraq, görüşərək müzakirə etmək lazımdır. Ermənistana tövsiyəmiz budur. Ermənistanın başqa ölkələrə güvənərək, öz diasporunun gücünə arxalanaraq Azərbaycana qarşı təxribatlar törətməsinin erməni xalqına da faydası olmadığını artıq anlaması lazımdır. Bundan sonrakı mərhələdə  Ermənistanın təmkinli davranması  onların özü üçün də faydalı olacaq”, - deyə N.Kurtulmuş qeyd edib.

Tunisdə baş verən çevrilişin qəbuledilməz olduğunu vurğulayan AK Parti Sədrinin birinci müavini deyib ki, Türkiyə hər zaman çevrilişlərə qarşıdır. Çevrilişlərin hamısı ölkələri on illərlə geri atır, bu, cinayətdir. Çevrilişlər xalqların demokratik seçiminə qarşı yönəlib. Biz Türkiyə olaraq Tunisdəki çevrilişə qarşı olduğumuzu bəyan edirik.

AZƏRTAC