Aldərə üzümü ilə də məşhur idi
Digər xəbərlər

Aldərə üzümü ilə də məşhur idi

"Ağ aldərə" sortu "Qırmızı kitab"a salınmışdı

İndiki Ermənistanın yerləşdiyi ərazi Azərbaycanın qədim tarixinin mühüm bir hissəsini təşkil edir. Qərbi Azərbaycan adlandırdığımız bu torpaqlar dədə-babalarımızın yurd-yuvaları olub. Yaxın keçmişə qədər bu ərazilərin sakinləri onun tarixi, mədəni irsinin formalaşmasında əsas faktor kimi çıxış ediblər. Qərbi azərbaycanlılar zəhmətkeş insanlar olaraq yaşadıqları bu əraziləri gülüstana çevirmiş, halal zəhmətləri ilə qurub-yaratmışdılar. O yurd yerlərinin məşhur kəndlərindən biri də Aldərə olub.

Aldərədə 35 il kolxoz sədri işləmiş Cəmşid Həsənov öz xatirələrində yazırdı: Kənd əhalisinin əksəriyyəti təsərrüfatla məşğul idi. Kənd cənubdan İranla, şərqdən Astazurla (Zəngilan tərəf), qərbdən Meğri, Ordubad, şimaldan Qafan rayonunun Məzrə, Şişkert kəndləri ilə həmsərhəddir. Sahəsi 5996 hektar olub. İnqilaba qədər isə Meğri rayonunun cəmi torpaqlarının 86 faizi Aldərə bəylərinə, çox hissəsi isə Əsgər bəy Sərməstbəyovlara məxsus idi. Sovet hökuməti qurulandan sonra kəndin ətraf torpaqlarından, yəni - Əlibəy mahalından örüş üçün 160, əkin yeri üçün 34 hektar erməni Galır kəndinə, 41 hektar isə Meğrinin Küçəsəri kəndi üçün ayrılır. 1760 hektarlıq Mərzit yaylaqları - Xan düzü, Ətyeməz, Dırbıstan, Xataman erməni Astazur kəndinə, əlavə olaraq aranda Mustafa bəy Şamı da Astazura verilir. 140 hektar sahəsi olan İlanlı yurd Əbgas kəndinə birləşdirilir. Bir sözlə, torpaq sahələrinin böyük əksəriyyəti erməni kəndlərinə verilir.

Son illərdə isə kəndin sulu torpağı 115, dəmyə əkin yeri 230, kolxoza aid meşə 932 hektar təşkil edirdi. Kəndin həmin torpaqları da müxtəlif bəhanələrlə erməni kəndlərinə verilmiş, onlar da yerlərin adlarını dəyişib erməniləşdirmişdilər. Ümumiyyətlə, Meğri rayonunda 99% yer, torpaq, düşərgə, meşə və s. adlarında erməni mənşəlli adlara rast gəlinmir. Hələ Aldərə Zəngilanın tabeçiliyində olarkən Zəngilan və Cəbrayılın aran yerlərindən bəylər Mərzit yaylağında Xan düzü adlanan yerdə istirahət edirdilər. Kəndin Mərzit yaylağının Ağəmməd güneyi, Şıpırtlı deyilən yerləri də Qafan rayonunun Məzrə kəndinə verilmişdi. Beləliklə, ermənilərdə tarix boyu torpaq azarı olub və bu, indi də davam edir.

Kəndin öz yaylaqları və 42,5 hektar təbii biçənək sahəsi olub: Düz, Elliklər, Xokəli, Pagey, Qurdlu çeşmə, Məşədi Qafar dərəsi, Xəllərgə, Qırqovulxanım çəməni, Əlibəy çəməni, Palçıxlı, Sarı çeşmə və sair... Kolxoz mal-qaranın qaba yemə tələbatını başqa əlavələrlə birlikdə ödəyə bilirdi. Aldərə çayı boyunca 5 kəhriz, 6 su anbarı vardı.

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur uyezdinin 5-ci bölməsi olan Meğridə aşağıdakı yaşayış məntəqələri olub: Eynəzir, Nüvədi, Tuğut, Astazur, Aldərə (Əldərə), Movlavan, (Mallev), Karçevan, (Qırxcıvan) Quris, Varhavar, Lehvaz, Vartanizor, Puşkah, Buğukar, Tey, Mülk, Lic, Galır, Vang, Maralzəmi, Mərzit, Əbgas, Qudermis, Əmrəkar, Taşdun, Tağamur. Həmin kəndlərin 14-ü azərbaycanlı, 12-si isə erməni kəndi idi. 1918-ci ilə qədər əhalinin yarıdan çoxu azərbaycanlılardan ibarət olub. 1913-cü ilin dəqiq məlumatına əsasən, əhalinin 1713 nəfəri azərbaycanlı və 1378 nəfəri erməni olmuşdur. 1918-ci ilə qədər erməni və azərbaycanlı kəndlərinin əksəriyyəti Aldərə bəyləri tərəfindən idarə edilirmiş. Kəndin ərazisində 10 kənd xarabalığı var: Əlvana, Əbgas, Mallev, Avadan Garayı, İyis, Sevadan, Süngüran, Dırbıstan, Mərzit yaylağı və s. Kəndlər arasında torpaq və su üstündə münaqişələr olur və bunun nəticəsində çoxlu adam qırılırdı. Hazırda həmin ərazidə köhnə qəbiristanlıq da var. 1918-ci ildə milli zəmində baş verən davada Aldərə Araz çayına yaxın olduğu üçün ən az itki verən kənddir. Münaqişələr zamanı əhalinin bir hissəsi heç bir ev əşyası götürmədən İrana keçmişdi. Kənd əhalisinin bir hissəsi Bakıya gəlib və kəndə qayıtmayıb. Qalan hissəsi isə Gəncə və s. yerlərdə məskunlaşıb. Aldərədə kolxoz qurulana qədər kənddə yaşayan hər ailə başçısının adına torpaq sahəsi (aranda və yaylaqda - zəmilər və bağlar) olub. 1929-cu ildə kolxoz təşkil olunduqdan sonra yeni qurulan şura hökuməti əhaliyə məxsus torpaq sahələrini və mal-qaranı əllərindən alıb, kolxoza verib. Əkin sahələri meyvə bağları (əsasən üzüm) ilə əvəzlənib. Aldərə kolxozu əvvəlcə N.Nərimanov adına, sonra 1988-ci ilə qədər XVIII partiya qurultayı adına olub. Oruc Hüseynov, İsrafil Məmmədov, Cəbrayıl Məmmədov, Cəmşid Həsənov, Hüseynqulu Məmmədhəsənov kolxoz sədri işlədikləri dövrlərdə kənd iqtisadi və mədəni baxımdan inkişaf etmiş, abadlıq işləri daha sürətli aparılmışdır. Kənd əhalisi bacarıqlı və işgüzar olduğundan bütün sahələrdə Aldərə kolxozu həmişə qabaqcıllar sırasında olub. Kənd əməkçiləri bir sıra orden və medallarla təltif olunub. El arasında "daşdan pul çıxaran" zəhmətkeş insanlar kimi tanınıblar.

 Bununla yanaşı, kəndin ziyalı təbəqəsi də Aldərə kəndindən deputatlar arasında yer alıb. Məşhədi Orucqulu, Həmzə Fərəcov və Mərdəli Məhərrəmov Ermənistan SSR Ali Sovetinə seçilən deputatlar sırasında olublar.

Aldərə zəngin üzüm növləri ilə də məşhur olub və burada "Ağ aldərə", "Qara aldərə", "Göy aldərə", "Süd aldərə", "Çarx aldərə", "Arna-qırna", "Şahangir", "Xanım barmağı", (ağ və qara) "Şəfeyi", "Bərdeyi", "Ayı boğan", "Şahanı", "Mərəndi", "Təbrizi", "Xəlili", "Ağa dayı", "Südlü üzüm", "Şireyi", "Gülabi", "Mələyin" kimi üzüm sortları yetişdirilib. "Ağ aldərə" üzümü Azərbaycanın ən qədim üzüm növlərindən biridir. Əsasən sentyabr ayında yetişir. Bu üzüm müxtəlif şərab növlərinin alınması üçün qiymətli mənbədir və ondan yüksək keyfiyyətli bəhməz, mürəbbə hazırlamaq mümkündür. Yüksək məhsuldarlığı ilə seçilən "Ağ aldərə" sortunun adı "Qırmızı kitab"a düşüb. Həmçinin 1966-cı ildə Aldərə bağlarından 1000 (min) tondan çox üzüm tədarük olunub, rayon konserv zavodu onu qəbul etmək imkanına malik olmadığından Artaşat rayonuna göndərilib.

Bu kəndin Azərbaycanın müxtəlif yerlərinə səpələnmiş sakinləri o yerlərə qayıtmaq həsrətilə yaşayırlar...

Təqdim etdi:

Musa BAĞIRLI,

"Respublika".