Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər nəzərdə tutulur
Digər xəbərlər

Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər nəzərdə tutulur

Dekabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, plenumda Ali Məhkəmənin sədri Ramiz Rzayev 2023-cü ildə Ali Məhkəmənin yaradılmasının 100 illiyinin tamam olmasını vurğulayaraq yubiley münasibətilə bu ilin noyabrından silsilə tədbirlərə start verildiyini, qarşıdakı aylarda da müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

Plenumda "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin həllinə dair arayışın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Ali Məhkəmənin Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayışın və Ali Məhkəmənin Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Plenumda, həmçinin "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 2015-ci il 11 iyun tarixli, 7 nömrəli və "Məhkəmə hökmü haqqında" 2021-ci il 24 dekabr tarixli, 15 nömrəli Ali Məhkəmə Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Plenumda digər konkret işlərə baxılıb.  

Mustafa KAMAL,

“Respublika”.