Ali məktəblərə qəbul olunanlarla görüş
Region

Ali məktəblərə qəbul olunanlarla görüş

Lerik Rayon İcra Hakimiyyətində respublikanın ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş gənclərlə görüş keçirilib. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçıları qarşısında çıxış edərək ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən ətraflı söhbət açıb. Tələbə adına layiq görülmüş gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirib ki, dünyanı bürümüş pandemiya ilə əlaqədar ötən ilin mart ayında əyani tədris prosesi dayandırıldı. Onlayn təhsil həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çətinliklər yaratsa da, məzunların builki uğurları bizi sevindirir. Əminəm ki, yüksək bal toplamış gənclər respublikamızın nüfuzlu ali təhsil ocaqlarında oxuyacaq, ixtisaslı kadr kimi müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

Görüşdə Lerik şəhər 1 nömrəli texniki fənnlər təmayüllü liseyin məzunu, 651 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Eltun Bəbirzadə, Nücü kənd tam orta məktəbinin məzunu, 622 balla ADA Universitetinə qəbul olunmuş Hüseyn Əbdülov, Veri kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Aydan Məhərrəmova, valideyn Faiq Məhərrəmov gənclərin təhsili üçün  ölkəmizdə yaradılan şəraitdən razılıqlarını, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə ali məktəblərə qəbul olunmuş gənclərə hədiyyələr təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.