Alı Mustafayev
Sosial həyat

Alı Mustafayev

Alı Mustafayev… Bir vaxtlar Azərbaycan Televiziyasının "Günün ekranı" xəbərlər proqramının aparıcı əməkdaşlarından biri. "Mavi ekran"larda doğmalaşmış səsi, ciddi görkəmi ilə yaddaşlara əbədi həkk olunub Alının adı. O zamanlar, xüsusilə 1988-89-cu illərdə ölkədə baş verən hadisələrlə bağlı ətraflı məlumat almaq üçün hamı saat 8-i -"Günün xəbərləri"ni izləyirdi. Proqramın aparıcısı şirin məlahətli səsi ilə: "İndi isə Qarabağda gedən hadisələrlə bağlı ətraflı məlumat almaq üçün birbaşa bağlantıda əməkdaşımız Alı Mustafayevdir". Bax, bu cür xatirələrdə iz buraxıb Alı Mustafayev. Od-alovun içindən, qorxmadan cəsarəti ilə öz peşəsinə ləyaqətlə, vicdanla yanaşan həmkarımız. Yaşasaydı, bu gün 70 yaşını qeyd edəcəkdi.

1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub. Alı 1969-cu ildə kənd məktəbini bitirərək, ordu sıralarında hərbi xidmət keçir. 1971-1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda çalışır. Ali təhsil almaq arzusu ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur və 1981-ci ildə bitirir.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə qəbul edilir. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınır. 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını şığıyan güllələr altında qorxmadan lentə köçürür.

Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan -qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanır. AzTv-də işlədiyi dövrdə ermənilər Qarabağda təxribatlar, qətliamlar törətməyə başlamışdı. Strateji əhəmiyyət daşıyan əməliyyatda əsas məqsəd Qarabağda təxribat törətməyə çalışan erməniləri zərərsizləşdirmək və həmin ərazidə təhlükəsiz zona təşkil etmək idi. 1991-ci ilin 18-19 noyabrında erməni hərbi birləşmələri Xocavəndin Qaradağlı kəndində daha bir qırğın törətdilər. Qısa müddət sonra Kremldən tapşırıq gəlir və Təhlükəsizlik Şurasınının növbəti iclasının Qarabağda keçirilməsinin vacibliyi vurğulanır. Dövlət adamlarından ibarət siyahı hazırlanır. Azərbaycanın vəzifəli şəxslərindən ibarət qrup helikopterlə Qarabağa göndərilir. Onlar həmçinin Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə də yerində tanış olacaqdılar. Alı Mustafayev də çəkiliş qrupu ilə birgə həmin helikopterdə Qarabağa yollanır.

20 noyabr 1991-ci ildə Alı Mustafayev və hökumət nümayəndələrini aparan hərbi helikopter erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vurulur. Nəticədə, helikopterdə olan 22 nəfər mülki şəxs, dövlət və ictimai xadimlər məhv edilir. Alı o günə qədər iki dəfə vertolyot qəzasına düşmüşdü. "Günün ekranı" xəbərlər proqramında müxbir olanda pambıq yığımı zamanı rayonları gəzərkən vertolyot qəzası keçirmişdi, vertolyot qarışıq suya düşmüşdülər. Həmin qəzadan sonra Alı ağır xəstələnir, ikitərəfli sətəlcəm onun uzun müddət müalicəsinə səbəb olur.

Alı Mustafayev Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Həmçinin ölümündən sonra Respublikanın "Əməkdar jurnalist"i fəxri adına layiq görülmüşdür. 1991-ci ildə Bakının Nərimanov rayonundakı 202 saylı, Ağstafa rayonu Həsənsu kənd, Qəbələ rayonu Hacıalılı kənd, Qazax rayonu Qazaxbəyli kənd, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kənd, Saatlı rayonu Qırağlı kənd, Qubadlı rayonu Zilanlı kənd orta məktəblərinə Alı Mustafayevin adı verilmişdir. Bakıdakı küçələrdən biri də onun adını daşıyır.

Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filmi çəkilmişdir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Alı Mustafayevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu şaddır.

M.MİRZƏ,

"Respublika".