Allahşükür Paşazadə: Multikulturalizm və tolerantlığın qorunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
Mədəniyyət

Allahşükür Paşazadə: Multikulturalizm və tolerantlığın qorunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Qazaxıstanın paytaxtı Nur-Sultanda Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 ölkədən dünya dinlərinin liderlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı katibliyin iclasında növbəti qurultaya hazırlıq məsələləri müzakirə edilib.

İclası giriş sözü ilə açan Qazaxıstan Parlamenti Senatının sədri - Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev qlobal dinlərarası dialoqun beynəlxalq gündəlikdə nadir hadisə olduğunu bildirib.

Qurultay Katibliyinin rəhbəri vurğulayıb ki, Qazaxıstan müstəqillik illərində "müxtəliflikdəki birlik" prinsiplərinə əsaslanan sülh və ümummilli dialoqunu, ölkənin gələcəyi üçün birgə məsuliyyəti, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquqlarına hörmət və təminatı formalaşdıra bilib.

Dünya və ənənəvi din liderləri Qurultayının imkanlarından və potensialından səmərəli istifadəni davam etdirmək çox vacibdir. Parlament Senatının sədri Maulen Aşımbayev dünyada baş verən beynəlxalq münaqişələr mövzusuna da toxunub.

İclasın açılış bölümündə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını, eləcə də Qafqaz müsəlmanlarının, bütün Azərbaycan xalqının qardaş Qazaxıstan xalqına ən xoş arzularını çatdırıb. Şeyxülislam A.Paşazadə mübarək Qazaxıstan torpağında olmasından məmnunluğunu bildirib, Katibliyin XIX sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

QMİ sədri qeyd edib ki, 2018-ci ilin oktyabrında Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin VI Qurultayının sənədlərində dəyişən dünyada sülh və təhlükəsizliyə, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olunmasında dinlərin xüsusi rolu vurğulanıb və ətraflı işıqlandırılıb. "O vaxt biz hələ bilmirdik ki, yaxın gələcəkdə hansı fəlakətlərlə üzləşəcəyik", - deyən şeyxülislam bildirib ki, qlobal təhdidlərə və təhlükələrə, iqlim dəyişikliyi problemlərinə yeni fəlakətin - COVD-19-un əlavə olunacağını təsəvvür edə bilməzdik.

VII Qurultaya hazırlığın mürəkkəb dövrdə baş verdiyini deyən A.Paşazadə bütün dünyanın, o cümlədən dini sahənin yeni həyat şərtlərinə uyğunlaşmaq məcburiyyətində qaldığını qeyd edib, təhdidlərin, çağırışların və problemlərin aradan qaldırılmasında dövlətlə din arasındakı əməkdaşlığın xüsusilə aktuallaşdığını diqqətə çatdırıb.

QMİ sədri dünya və ənənəvi dinlərin nümayəndələrinin, dövlət və ictimai xadimlərin dünyada sülh və əmin-amanlığa nail olmaq üçün səylərini birləşdirən bu missiyanın yüksək səviyyədə həyata keçirilməsinə görə Qurultayın təşəbbüskarı, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə dərin minnətdarlığını ifadə edib.

A.Paşazadə bildirib ki, əfsuslar olsun, dünyada ksenofobiya, islamofobiya, xristianofobiya və antisemitizm kimi ideoloji və praktiki təhdidlərin artması müşahidə olunur. Bu gün təcavüzə, zorakılığa, ayrı-seçkiliyə səbəb olan nifrət çağırışları real siyasi və sosial təhlükəyə çevrilib. Belə çağırışların ideoloji təsiri nəticəsində müxtəlif regionlarda sabitlik pozulur və bu da insanlar arasında parçalanmaya, münaqişələrə, hərbi cinayətlərə, soyqırımlara gətirib çıxarır.

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində öz suveren hüquqları əsasında, BMT-nin Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Hazırda azad edilmiş ərazilərimizdə müxtəlif dini konfessiyaların işğalçılar tərəfindən dağıdılmış dini məbədlərinin, habelə mədəniyyət abidələrinin bərpası istiqamətində işlər aparılır.

QMİ sədri multikulturalizm və tolerantlığın Azərbaycanın milli-mənəvi dəyərləri olduğunu, onların qorunmasının isə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu xüsusi vurğulayıb.

İclasda çıxış edən dini liderlər beynəlxalq səviyyədə dinlərarası və mədəniyyətlərarası dialoq qurmaq üçün görülən işlərin böyük əhəmiyyətini qeyd ediblər.

Sonda Maulen Aşımbayev qeyd edib ki, bu görüş müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin əməkdaşlıq və dinc yanaşı yaşamaq istəklərini bir daha nümayiş etdirir. Dünya və ənənəvi din liderlərinin Qurultayının ənənələrinin gələcək uğurlu işi üçün etibarlı bir zəmin olacağına inandığını ifadə edib.

İclasın sonunda Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX iclasının Protokolu qəbul edilib.

Sonra xatirə şəkli çəkdirildi.

Dünya və ənənəvi din liderlərinin VII Qurultayının 2022-ci il sentyabrın 14-15-də Nur-Sultanda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Qurultay Katibliyinin iclasından sonra QMİ sədri Qazaxıstan KİV-lərinə müsahibə verib. Yerli media mənsublarının suallarını cavablandıran şeyxülislam 44 günlük Vətən müharibəsinin nəticələrindən, habelə Azərbaycan ilə Qazaxıstan arasında tarixi qardaşlıq əlaqələrindən danışıb.

AZƏRTAC