Alvin Botes: CAR Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəm verir
Digər xəbərlər

Alvin Botes: CAR Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəm verir

Oktyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, regionda və dünyada baş verən hadisələr, mövcud çağırışlarla mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və CAR-ın coğrafi cəhətdən bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib, münasibətlərin daha da inkişafı üçün səy göstərilməsinin vacibliyini diqqətə çatdırıb. İkitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycan tərəfindən QH çərçivəsində irəli sürülən təşəbbüslərə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə edilib. Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində bölgədə yaranan yeni reallıqlar, Azərbaycanın sülh səyləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir müavini Alvin Botes oktyabrın 24-də Bakıda Azərbaycan və CAR Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr haqqında ətraflı məlumat verib. Azərbaycanın çox çətin bir dövrdə QH-nin sədri qismində Hərəkatın rolunun artırılması üçün fəaliyyət göstərdiyini qeyd edən qarşı tərəf, xüsusilə pandemiya dövründə inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrika qitəsində yerləşən dövlətlərə göstərilən yardımları minnətdarlıqla xatırlayıb. Alvin Botes CAR-ın Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəm verdiyini bildirib. Bu xüsusda, iqtisadi əlaqələrin inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Nazir müavini Alvin Botes mövcud çağırışlar və təhdidlərlə mübarizədə beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliyinin artırılması üçün birgə səylərin, o cümlədən Cənub-Cənub əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan və CAR Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, CAR tərəfindən isə xarici işlər nazirinin müavini Alvin Botes başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

AZƏRTAC